1806-cı il Rusiya imperatoru I Aleksandr “Mehdiqulu xana ali sərəncam və Qarabağ əhlinə vədlər” adlı fərman imzaladı. Bu fərmanla Qarabağ xanı kimi təsdiq olunan Mehdiqulu xana hakimiyyət rəmzi olaraq, fəxri bayraq və qılınc göndərilməsi qərarı qəbul edildi. Və onu bir il sonra -1807-ci ildə Mehdiqulu xana təqdim etdilər.
Bugun.tv xəbər verir ki, hazırda Milli Azərbaycan Tarix Muzeyində qorunan bayrağın hissələri bərpa olunub.
Qarabağ xanı Mehdiqulu xana məxsus bayrağın sapı və qotazı bərpa olunub. Üzərindəki güləbətin tikmələri mexaniki və kimyəvi üsulla təmizlənib. Qopan iplər də bərpa edildikdən sonra eksponata ikinci həyat verilib.
Bərbaçı-rəssam Qənirə Məmmədova deyir ki, bayraq bərpa olunması üçün bizim laboratoriayaya təqdim olundu. İllərin təsirindən bayrağın qotazının rəngi qaralmışdı. Üzərində olan gümüşü və qızılı iplər qara idi, çirklənmişdi. Həm də bəzi hissələri qırılıb tökülmüşdü.
Eksponatın sapı isə bərpaçı-rəssam Əjdər Qafarov tərəfindən təmizlənərək qoruyucu maddə ilə örtülüb. Qeyd edək ki, bayraq 1928-ci ildə Azərbaycan Tarixi Muzeyinin direktoru Davud Şərifovun səyləri nəticəsində Tiflisdəki Qafqaz Hərbi Tarix Muzeyindən alınaraq, ölkəmizə gətirlib.
Birinci Aleksandr tərəfindən Mehdiqulu xana hədiyyə olunan bu bayraq, rus imperatorlarının əzəli Azərbaycan ərazisi olan Qarabağın hakimləri kimi tanınmalarının maddi sübutudur.