6 C
Baku
23 Dekabr 2024, 23:11
Mədəniyyət

Qaynanafobiya

Səhərdən dilimə heç nə dəyməmişdi,evə çatan kimi uşaqların anasına dedim ki, acından ölürəm. O dedi ki, əllərini yu gəl anam bizdədir, biz də yeməyib səni gözləyirik. Qaynanamın bizdə olduğu xəbərini eşidəndə iştaham qaçdı. Rəngim öncə qızardı, sonra saraldı, əl-ayağım su saldı. Bu vaxt qaynanamın səsi o biri otaqdan gəldi: – Ərin əli dolu gəlib, yoxsa yenə əli ətəyindən uzundur?

Ağzımı açıb “xoş gəlmisən” demək istəyirdim ki, uşaqların anası qoymadı dedi ki, get çörək al, çörəyimiz yoxdur. Marketdə dostuma rast gəldim. Dedim, işlər necə gedir? Dedi, sizin qonşuluqda kirayə qalıram. Operaya işə düzəlmişəm, 6 aydır “Otello”nu məşq edirik, hələ ki bir şey alınmır. Birdən ağlıma bir fikir gəldi. Dostuma fikrimi açıqlayıb, çörək alıb gəldim evə. Çox keçmədi dostum divarın o üzündən bariton səslə Otello Dezdemonanı boğan səhnəsindəki ariyasını oxumağa başladı. Qaynanam diksindi-Bu kimdir öküz kimi böyürür?

Dedim, öküz niyə olur? Operanın solistidir. Qonşuluqda kirayə qalır. Qaynanam dedi: – Bu bütün gecəni belə böyürəcək? Dedim, hərənin bir sənəti var, bu kişinin sənəti oxumaqdır. Gözəl də oxuyur. Qaynanam qulaqlarını tutdu dedi ki, mən burda qala bilmərəm, səsi başıma düşür, gedirəm evimə. Uşqaların anası dedi ki, get artistin səsini kəs. Dedim, mən xalqın artistinin səsini kəsə bilmərəm. Qaynanam dedi ki, mən burda qala bilmərəm, təzyiqim qalxıb, tez bir taksi çağırın məni aparsın. Dedim, taksi niyə, sənin kürəkənin ölüb ki, səni taksi aparsın? Özüm apararam. Qaynanamı maşına mindirib, aparıb qoydum evinə. Sebvindiyimdən maşını saatda 150-200 ilə sürürəm. Sevincim çox uzun sürmədi, yol polisi saxladı 50 manat cərimə yazdı. Bu da qaynanamın mənə xeyri.

Üç gün keçmədi qaynanam yenə xoşqədəmləri ilə təşrif buyurdu bizə. Dedim, xeyir ola? Deyəsən Otellonun oxumağı xoşuna gəlib. Dedi, qadam Otellonun ağzına, Otello kişi niyə olur? Dezdemona kimi cüvanəzəni bir dəsmalın üstündə boğdu. Zəng elədim, soruşdum ki, qonşunuz yenə öküz kimi böyürür, qızım dedi daha səsi gəlmir, deyəsən köçüb gedib. Dedim bu saat mən Otellonu qışqırdım, sən də bax. Zəng elədim, dostuma. Dedi ki, Moskvada qastroldayam, bir həftəyə gələcəyəm. Dedim sən də qostrola getməyə vaxt tapmısan. Əsəbləşdim, düşdüm həyətə bir siqaret yandırdım. Bu vaxt dedektiv mənə yaxınlaşıb bir qadın şəkli göstərdi.- Bu qadını buralarda görməmisən? Dedim görmüşəm bizdədir. Dedektiv dedi, ehtiyyatlı ol, dələduzun biridir, bir çox adamlara pul atıb. Sənə hələ atmayıb? Dedim mənə üç il bundan qabaq atıb. Dedi, mən bu saat polis çağırım. Dedim özünə gəl, zarafat edirəm. Birdən ağlıma bir fikir gəldi. Dedektivə bir qonaqlıq boyun oldum, bir təhər onu yola gətirdim. Gəldim evə, çox keçmədi qapı döyüldü. Qapını açdım, dedktiv içəri girdi, özünü təqdim etdi. Sonra şəkli mənə göstərdi, mən dedim ki, bizdə elə qadın yoxdur. Dedektiv dedi ki, icazənizlə mən evdəki qadınlara özüm baxmalıyam. Qaynanamı görən kimi şübhə ilə bir ona baxdı, bir də əlindəki şəklə -Adınız nədir? Qaynanam dedi ki, Zöhrə. -Bu sizin əsl adınızdır, yoxsa qondarmadır? -Əsl adım Xəcalətdir, uşaqlıqdan məni Zöhrə çağırırlar.

Dedektiv qaynanama dedi ki, mənimlə polis məntəqəsinə getməlisiz. Mən tez araya girdim. Dedektivi sakitləşdirdim. Dedektiv qapıdan çıxanda dedi ki, mən səhər buraya müstəntiqlə gələcəyəm. Qaynanam qorxuya düşüb, gecəikən yığışıb getdi. Dedim bir də gəlməz. Bir həftə keçmədi, arvadım mənə zəng eləyib dedi ki, özünü ələ al, qonşu suyu açıq qoyub, anamın evini su basıb, anamın evi təmir olana kimi bizdə qalacaq. Mən gözümü açanda özümü xəstəxanada gördüm. Uşaqların anası başımın üstündə dayanmışdı. Arvadım sakitcə dedi:- Necəsən? Dedim, yaxşıyam.

-Sənə bir bəd xəbərim var. Dünən axşam anam…

Dedim, ölüb? Dedi, yox səndən qorxub, təzyiqi qalxıb, vəziyyəti yaxşı deyil. Xəstəxanada yer olmadığından hələlik anam səninlə bir palatada qalacaq. Gözümü açanda özümü reanimasiyada gördüm. Qonşu qaynanamın evini təcili təmir elətdirdi. Qaynanam köçdü evinə. Mən isə altı aydır ki, xəstəxanadayam. Həkimlər məni təmir edə bilmirlər. Həkimlər mənə dedilər ki, bu xəstəliyə tutulan təkcə sən deyilsən. Bir çox kürəkənlər bu xəstəliyə tutulub. Çox təəsüf ki, elm bu xəstəliyin qarşısında acizdir. Həkimlər mənə diaqnoz qoyublar-Qaynanafobiya, sağalmaz xəstəlik!

 

Əhməd Orucoğlu

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

Tanınmış müğənni “Ömrüm” dedi…

Bugün TV

Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin Xll Regional Konfransı keçirildi

İntizar Əmirova

“Kurtlar vadisi”nin Güllüsü tələbələrlə görüşüb

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu