Bugun.tv xəbər verir ki, 7 sentyabr tarixində “Loqos” Qadın Uzunömürlük Rezidensiyasında QHT sədrləri və nümayəndələrinin iştirakı ilə infotur və səmimi görüş təşkil olunub. İnformasiya turu çərçivəsində iştirakçılara rezidensiyanın fəaliyyəti, əsas istiqamətləri və həyata keçirdiyi sosial təşəbbüslər barədə məlumat verilib.
QHT nümayəndələri rezidensiyada yaradılan şəraitlə tanış olub, burada həyata keçirilən işlərlə yaxından tanış olmaq imkanı əldə ediblər. Görüş zamanı Təranə Paşayeva çıxış edərək öz fəaliyyəti haqqında iştirakçılara məlumat verib, həmçinin Qənirə Paşayevanın həyat yolu, ictimai fəaliyyəti və cəmiyyətə xidmət prinsipləri barədə fikirlərini bölüşüb.

Təranə Paşayevanın çıxışında qeyd etdiyi kimi, insanın xatirəsini yaşatmağın ən gözəl yollarından biri onun dəyərlərini davam etdirmək və önəm verdiyi məsələlərə diqqəti qorumaqdır. Qənirə Paşayevanın xatirəsi də insanlara sevgi, şəhid ailələrinə ehtiram, qadınlara diqqət, milli-mənəvi dəyərlərə bağlılıq və cəmiyyətə xidmət kimi prinsiplərlə yaşadılır. Daha sonra QHT rəhbərləri və nümayəndələri rezidensiyanın daxilində yerləşən Qənirə Paşayevanın muzeyini ziyarət ediblər.
İştirakçılar muzeydə Qənirə Paşayevanın həyat və ictimai fəaliyyətini əks etdirən xatirə və nümunələrlə tanış olublar. Görüşün sonunda səmimi çay süfrəsi ətrafında QHT-lər arasında əməkdaşlığın genişləndirilməsi, yeni birgə layihələrin həyata keçirilməsi və sosial təşəbbüslərin dəstəklənməsi istiqamətində fikir mübadiləsi aparılıb.

