Qırğızıstan Prezidenti Sadır Japarov bildirib ki, Rusiya bazarı ölkənin yerli məhsullarının ixracı üçün əsas istiqamətlərdən biri olaraq qalır.
Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən 8-ci Qırğızıstan–Rusiya İqtisadi Forumunun iştirakçılarına müraciət edən Japarov qeyd edib ki, iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi Qırğızıstan məhsullarının Rusiya bazarında mövqeyini daha da gücləndirəcək.
Prezident vurğulayıb ki, qarşılıqlı ticarət üçün əlverişli şəraitin yaradılması hər iki ölkənin biznes dairələri üçün yeni imkanlar açacaq və iqtisadi əlaqələrin inkişafına töhfə verəcək.
İssık-Kul gölünün sahilində yerləşən Çolpon-Ata şəhərində keçirilən forumda Qırğızıstan və Rusiyadan onlarla şirkətin nümayəndəsi iştirak edir. Tədbir çərçivəsində ticarət, sənaye, logistika və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə olunur.
Rusiya–Qırğızıstan İnkişaf Fondunun İdarə Heyətinin sədri Artyom Novikovun sözlərinə görə, builki forum əvvəlki illərlə müqayisədə daha məhsuldar olub. Onun bildirdiyinə görə, forum çərçivəsində ümumi dəyəri təxminən 270 milyon ABŞ dolları olan əməkdaşlıq müqavilələri imzalanıb.
Mənbə: TASS
