Yer kürəsində qlobal orta temperatur sənayedən əvvəlki dövrün göstəricisini ilk dəfə yeddi gün ardıcıl olaraq 2°C-dən çox üstələyib. Alimlər bu göstəricini iqlim dəyişikliyinin sürətlənməsi ilə bağlı ciddi xəbərdarlıq kimi qiymətləndirirlər.
Bugun.tv xəbər verir ki, Avropa İttifaqının “Copernicus” İqlim Dəyişikliyi Xidmətinin məlumatına əsasən, noyabrın 18-dən 24-dək hər gün qlobal orta temperatur 1850–1900-cü illərin müvafiq günləri üzrə orta göstəricidən 2°C-dən çox yüksək olub.
Noyabrın 23-də fərq 2,25°C-yə çataraq gündəlik göstəricilər üzrə yeni rekorda yüksəlib. Bu nəticə əvvəlki rekordları da geridə qoyub.
“Copernicus”un iqlim üzrə strateji rəhbəri Samanta Börcess bildirib ki, bu göstərici Paris İqlim Sazişində nəzərdə tutulan uzunmüddətli 2°C həddinin keçilməsi demək deyil. Söhbət ayrı-ayrı günlər üzrə temperatur fərqindən gedir. Paris Sazişindəki hədəflər isə uzunmüddətli qlobal istiləşmə göstəricilərinə əsaslanır.
Mütəxəssislər qeydə alınan yüksək temperaturun həm atmosferdə istixana qazlarının yaratdığı davamlı istiləşmə, həm də Sakit okeanda baş verən “El Niño” iqlim hadisəsi ilə əlaqəli olduğunu bildirirlər. Dünya Meteorologiya Təşkilatı “El Niño”nun güclü olacağını gözləyir.
Alimlərin fikrincə, “El Niño” müvəqqəti hadisə olsa da, istixana qazlarının yaratdığı istiləşmə emissiyalar azaldılmadığı müddətdə davam edəcək.
Mənbə: WorldNews
