Tərtər rayon sakini 53 yaşlı Müşviq Orucovun qətli ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
Bugun.tv xəbər verir ki, ibtidai istintaqla Ərəstun Orucovun mübahisə zamanı həmyaşıdı Müşviq Orucovu qəsdən öldürdüyü müəyyən olunub.
Toplanmış sübutlar əsasında Ərəstun Orucova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, 30 sentyabr 2022-ci il tarixdə Ə.Orucov təhqirə görə aralarında yaranmış mübahisə zamanı öz qohumu M.Orucovu qətlə yetirmişdi.