“Qarabağda vəziyyətin gərginləşməsi artıq hərkəsə məlumdur. Görünən odur ki, Ermənistan sülh danışıqlarına əməl etmək istəmir və bölgədə yenidən hərbi strukturun, hərbi şəxsi heyətin, silahın, texnikanın sayının artırılması ilə məşğuldur”.
Bugun.tv xəbər verir ki, bunu hərbi ekspert Ramil Məmmədli son zamanlar ermənilərin Xankəndi yolunda yaratdığı gərginliklə bağlı açıqlamasında bildirib. “Martın 5-də baş verən toqquşmada da Azərbaycan ordusunun 2 hərbi qulluqçusu şəhid oldu. Bütün bunlar vəziyyətin nə qədər gərgin olduğunu açıq şəkildə göstərir. Hesab edirəm ki, münaqişənin həlli ilə bağlı artıq Ermənistan konkret mövqe nümayiş etdirməlidir. Əks təqdirdə Azərbaycan öz ərazilərində respublika qanunlarının icra olunması kimi vacib lazımi tədbirlər həyata keçirəcək. Bu tədbirlərdə Laçın-Xankəndi yolunda Azərbaycan istiqamətində sərhəd-keçid məntəqəsinin quraşdırılması ilə başlayacaq. Təbii ki, bundan sonra vəziyyət gərginləşəcək amma Ermənistan tərəfi bir sıra addımlar atacaq. Lakin artıq edəcək başqa bir şey yoxdur. Heç bir halda Azərbaycan Qarabağda yenidən Erməni silahlanmasınimkan verməyəcək. Qarşıdan gələn müddətdə biz onun şahidi olacağıq. Əks təqdirdə vəziyətin yumşalması üçün Ermənistan vəziyəti dəyişməlidir. Münaqişənin həlli ilə bağlı 10 noyabr 2020 ci il bəyanatının 4 cü bəndini icra etməlidir. Yəni Erməni silahlı birləşmələri ərazidən çıxmalıdır”.
R.Məmmədlinin sözlərinə görə, ikinci məsələ delimitasiya və demarkasiya həyata keçirtməklə, yanaşı Zəngəzur yolunun açılması prosesini icra etməkdir. Əks halda Azərbaycan bu məsələnin həllini həyata keçirəcək və nəzarət buraxılış məntəqələri yaradılacaq. Lazımi gələrsə müəyyən istiqamətlərdə antiterror əməliyyatlarına da başlayacaq. “Təəssüf ki, Ermənistan siyasi əxlaqsızlıqla məşğuldur. Bu prosesdə həm Rusiyanın sülhməramlılarını, həm də Avropa təsisatlarını istifadə etməyə başlayıb. Rusiya da bölgədə sülhün bərqərar olması üçün konkret addım atmır. Bu ölkənin sülhməramlıları artıq öz missiyasından çıxaraq birtərəfli olaraq ermənilərin maraqlarının qorunması ilə məşğuldurlar”,- ekspert əlavə edib.