Bugun.tv xəbər verir ki, Avropanın bir sıra ölkələri rekord isti hava dalğası və genişmiqyaslı meşə yanğınları ilə mübarizəni davam etdirir. Ən ağır vəziyyət İspaniya və İtaliyada müşahidə olunur.
Avropa Meşə Yanğınları Məlumat Sisteminə əsasən, İspaniyada son iki həftə ərzində yanaraq məhv olan meşə sahələrinin həcmi 36 faiz artaraq 55 min hektarı keçib. Hazırda ən mürəkkəb vəziyyət ölkənin şərqində yerləşən Kataloniya bölgəsində qeydə alınıb. Mülki Müdafiə Xidməti Barselonanın Sentmenat və Gava rayonları da daxil olmaqla bir sıra yaşayış məntəqələrinin sakinlərinə evlərini tərk etməmək, qapı və pəncərələri bağlı saxlamaq barədə xəbərdarlıq edib. Bəzi ərazilərdə isə təxliyə işləri aparılır.
Ölkədə hava temperaturu bəzi bölgələrdə 43 dərəcəyə yüksəlib. Barselonada 40,5 dərəcə qeydə alınaraq son 112 ilin ən yüksək temperatur rekordu yenilənib.
İtaliyada da meşə yanğınları ilə mübarizə davam edir. Piyemonte bölgəsində Alp dağlarının müxtəlif hissələrində səkkiz yanğın ocağı qeydə alınıb. Yanğınların söndürülməsi üçün yeddi xüsusi təyyarə və helikopter cəlb olunub. Sardiniya adasında isə təxminən 100 hektar sahəni əhatə edən yanğının qarşısını almaq üçün hava və quru qüvvələri birgə fəaliyyət göstərir. Florensiya yaxınlığında baş verən yanğın isə qısa müddətdə nəzarət altına alınıb.
Mütəxəssislər yüksək temperatur və güclü küləyin yaxın günlərdə yanğın riskini daha da artıracağını bildirirlər.
Mənbə: Anadolu Agentliyi (AA)
