Rumıniyanın məhkəmə sisteminin fəaliyyəti ilə bağlı ciddi suallar yaradan iddialar ölkə üzrə genişmiqyaslı etirazlara səbəb olub.
“Recorder” media orqanının məhkəmə sistemindəki sistematik qanun pozuntularını ifşa edən “Əsir Ədalət” adlı sənədli filmi yayımlandıqdan sonra ictimai narazılıq kəskin artıb. Sənədli film yayımlandığı ilk beş gün ərzində YouTube platformasında 4,5 milyon baxış toplayıb.
Araşdırmada məhkəmə administrasiyalarının məhkəmə kollegiyalarının strukturunu dəyişdirərək yüksək səviyyəli korrupsiya işlərinin vaxt aşımına uğramasına şərait yaratdığı və nəticədə təqsirləndirilən şəxslərin cəzasız qaldığı iddia olunur. Həmçinin siyasi cəhətdən dəstəklənən baş hakimlərin qeyri-etik təcrübələr üçün qanuni boşluqlardan istifadə etdiyi, etiraz edən hakim və prokurorların isə intizam tədbirləri ilə üzləşdiyi bildirilir.
Bu iddialara etiraz olaraq on minlərlə insan Buxarest başda olmaqla Kluj-Napoka və Timişoara kimi böyük şəhərlərdə küçələrə çıxıb. Paytaxtda təxminən 10 min nəfər Universitet Meydanından Qələbə Meydanına yürüş edərək “Korrupsiya yox, ədalət”, “Səni görürük” və “İtaət yox, müstəqillik” şüarları səsləndirib.
Nümayişçilər ədliyyə naziri Radu Marineskunun, daxili işlər naziri Kătălin Predoiunun, Milli Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin (DNA) rəhbəri Marius Voineaqın və Ali Məhkəmənin baş hakimi Lia Savoneanın dərhal vəzifədən azad edilməsini tələb ediblər.
Etirazlar rəqəmsal müstəviyə də keçib. Məhkəmə qanunvericiliyində dəyişikliklər tələb edən onlayn petisiya qısa müddətdə 160 min imza toplayıb. Bundan əlavə, təxminən 800 rumıniyalı hakim və prokuror sosial şəbəkələrdə yaydıqları açıq məktubda ədliyyə sistemində “dərin və sistematik disfunksiya” olduğunu bildiriblər.
Məhkəmə rəsmilərinin iddiasına görə, Buxarest Apelyasiya Məhkəməsinin rəhbərliyi korrupsiyada ittiham olunan şəxslər üçün əlverişli qərarların çıxarılması məqsədilə məhkəmə kollegiyalarını mütəmadi olaraq rotasiya edir.
Mənbə: İlkha
