Bugun.tv xəbər verir ki, siyasi ekspert Məhəmməd Əsədullazadə Rusiya-Ukrayna müharibəsi fonunda Moskvanın mümkün yeni hərbi eskalasiya planları barədə sosial media hesabında paylaşım edib.
Ekspertin sözlərinə görə, Rusiya artıq danışıqlara əvvəlki kimi hazır görünmür və Moskvanın NATO ilə qarşıdurmanı genişləndirmək ehtimalı artır. O bildirib ki, Rusiyanın Avropada Ukraynaya silah tədarük edən müəyyən müəssisələrə zərbələr endirməsi və Baltikyanı ölkələrdən birinə qarşı hərbi əməliyyat keçirməsi ehtimalı müzakirə olunur.
Məhəmməd Əsədullazadə hesab edir ki, belə bir ssenaridə Rusiyanın əsas məqsədlərindən biri NATO-nun kollektiv müdafiə mexanizminin reaksiyasını yoxlamaq ola bilər. Onun fikrincə, Kalininqrad istiqaməti də mümkün hərbi gərginlik baxımından xüsusi əhəmiyyət daşıyır.
Ekspert Rusiyanın payız aylarından etibarən yeni səfərbərlik həyata keçirə biləcəyini də iddia edib. Onun sözlərinə görə, indiyədək Rusiyada daha çox gizli səfərbərlik xarakterli proseslər müşahidə olunub.
Əsədullazadə həmçinin NATO ölkələrinin Avropanın şərqində hərbi təlimlərini və Rusiyanın Kalininqrad vilayətində hərbi imkanlarını artırmasını diqqətçəkən məqamlar kimi qeyd edib.
Ekspertin qənaətinə görə, Rusiya ilə Qərb arasında qarşıdurmanın genişlənməsi Ukrayna müharibəsini daha böyük geosiyasi qarşıdurmanın tərkib hissəsinə çevirə bilər. O hesab edir ki, ABŞ və Avropa ölkələri Moskvanın mümkün yeni eskalasiyasının qarşısını almağa çalışacaq.
