Bugun.tv– xəbər verir ki, siyasi ekspert Məhəmməd Əsədullazadə sosial media hesabında paylaşım edərək Rusiya-Ukrayna müharibəsində növbəti mərhələdə atəşkəs razılaşmasının əldə olunmasının mümkünlüyünü bildirib.
Ekspertin sözlərinə görə, ABŞ-ın Rusiyaya təzyiqlərinin artması fonunda “Starlink” peykinin Rusiya üçün söndürülməsi cəbhə xəttində Rusiyanın hücumlarının dayanmasına səbəb olub. O qeyd edib ki, Ukrayna Prezidentinin yeni təyinatları və çevik idarəetmə sistemini təkmilləşdirməsi də müsbət nəticələr verir.
Məhəmməd Əsədullazadə bildirib ki, Əbu-Dabidə ABŞ-Rusiya və Ukrayna arasında aparılan danışıqlar müsbət istiqamətdə davam edir. Onun fikrincə, ABŞ-ın Rusiyanın neft satışına qarşı ciddi sanksiyalar tətbiq etməsi və iqtisadi təzyiqləri Kremlin mövqeyini zəiflədərək onu çətin vəziyyətə salıb.
Ekspert vurğulayıb ki, məhz bu amillər Əbu-Dabi danışıqlarının ikinci raundunda irəliləyiş əldə olunmasına şərait yaradıb. Paylaşımda əsirlərin dəyişdirilməsi məsələsinin prosesin mühüm hissəsi olduğu qeyd olunub. Bildirilib ki, əsirlərin “157-157” prinsipi ilə dəyişdirilməsi bu istiqamətdə mühüm addım kimi qiymətləndirilə bilər.
Siyasi ekspertin fikrincə, ABŞ-ın Ukraynaya hərbi yardımları və dəstəyi Rusiyanı danışıqlar masasında güzəştə getməyə məcbur edə bilər. O əlavə edib ki, əgər danışıqlar mövcud müstəvidə davam edərsə və Ukrayna cəbhə xəttində Rusiyanın irəliləyişlərini dayandırmağı bacararsa, növbəti aylarda təmas xətti boyunca atəşkəs razılaşmasının əldə olunması mümkündür.
