15.7 C
Baku
17 May 2025, 0:51
Baş xəbərDünya

Rusiya və Avropanın yeni mübarizəsi: Sualtı təxribat

Finlandiya Baltik dənizində son vaxtlar artan təxribat fəaliyyətlərinə qarşı tədbirlərini artırıb. Sahil Mühafizə Komandanlığı radar və kameralar, patrul katerləri, təyyarə və helikopter donanması ilə təchiz olunmuş qrupla Finlandiya körfəzində şübhəli hərəkətləri izləməyə başlayıb. Zədələnmiş kabellər hələlik sosial həyatı pozmayıb. Lakin ekspertlər xəbərdarlıq edir ki, daha irimiqyaslı hücumlar elektrik enerjisinin kəsilməsinə və iqtisadi xaosa səbəb ola bilər.

Son 18 ayda təkcə Finlandiya körfəzində iki təxribat hadisəsi baş verib. 2022-ci ildən bəri Baltik dənizində ən azı altı şübhəli təxribat hadisəsi qeydə alınıb, 2023-cü ildən isə 11 sualtı kabelin zədələndiyi bildirilir. Avropa ölkələri hücumlarda Rusiyanı günahlandırır, Kreml isə hər hansı əlaqəni inkar edir.

Aİ və NATO sualtı infrastrukturu qorumaq üçün ehtiyat kabellər, dronlar və artan hərbi nəzarət planları hazırlayıb. Bununla belə, ekspertlər qeyd ediblər ki, Baltik dənizində dəniz nəqliyyatının sıxlığı səbəbindən bütün təxribat cəhdlərinin qarşısını almaq çətin olacaq.

“Politico”nun məlumatına görə, Litvanın energetika naziri Zigimantas Vaiciunas təxribatın enerji istehsalı və iqtisadiyyatı üçün təhlükə yaratdığına diqqət çəkib və bu açıqlamanı verib: “Biz yeni reallıqla üz-üzəyik. Baltik dənizində bazarlara, istehlakçılara və bizneslərə təsir edə biləcək hadisələr artmaqdadır.”

Rəsmilər təxribatın arxasında Rusiyanın dayandığına dair qəti dəlil olmadığını desələr də, Vaiciunas “Bu cür fəaliyyətlərin Rusiyanın maraqlarına xidmət etdiyi şərh oluna bilər” deyib.

Rusiya prezidenti Vladimir Putin ölkəsinin Şimal dənizindəki hərbi varlığını artıracağını açıqlayıb. Rusiya lideri yanvar ayında onların donanmasının nüvə sualtı qayıqları və müasir döyüş gəmiləri ilə gücləndiriləcəyini açıqlamışdı.

NİYƏ SUALTI KABELLƏR HƏDƏFDİR?

Sualtı kabellərin təmiri həm baha başa gəlir, həm də çox vaxt aparır, bu da onları strateji hədəfə çevirir. Avropa Sualtı Kabellər Assosiasiyasının vitse-prezidenti Peter Jamieson bildirib ki, məlumat kabelləri üçün təmir prosesi iki həftə, elektrik kabelləri üçün isə aylar çəkə bilər.

Qərb ekspertləri hücumların arta biləcəyini proqnozlaşdırıb və Rusiyanın kabelləri hədəf almağa davam edəcəyini qeyd ediblər. Baltik dənizinin orta dərinliyi 52 metrdir, bu da kabelləri lövbər zərbələrinə qarşı həssas edir. Kopenhagen Universitetinin professoru Kristian Buger, “Lövbəri endirmək üçün kapitana rüşvət vermək kifayətdir. Bu, hərbi əməliyyatlarla müqayisədə çox aşağı xərcdir” deyib.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutundan Nik Childs Rusiyanın bu cür fəaliyyətlərlə Qərbə dolayısı ilə mesaj verməyə çalışdığını bildirərək, “Rusiya boz zonada qalmaqla çəkindirici təsir yaratmağı hədəfləyir” deyib.

2022-ci ildə Rusiyadan Almaniyaya təbii qaz daşıyan “Şimal axını 2” boru kəməri hücuma məruz qalıb. Rusiya hücumda NATO-nu günahlandıran açıqlamalar versə də, xətt 2022-ci ildən istifadəyə yararsız hala düşüb.

“HÜCUMLAR ARTACAQ”

Finlandiya Hərbi Dəniz Qüvvələrindən Marko Laaksonen cari çətinliyi vurğulayaraq, “Biz bir anda hər yerdə ola bilmərik” deyib. Finlandiya təxribat cəhdlərinin qarşısını ala bilmədiyini etiraf edib. Helsinki administrasiyası Avropa və NATO-dan Baltik və Şimal dənizlərində “daha ​​çox məsuliyyət daşımağı” tələb edib.

Sabotaj cəhdlərinin təkcə iqtisadi deyil, həm də “sosial” balanssızlıq yaratmaq məqsədi daşıdığını müdafiə edən prof.Estoniyanın dövlət elektrik şəbəkəsi operatoru Elering şirkətinin idarə heyətinin üzvü Erkki Sapp, 2024-cü ildə kabeldə yaranan texniki problemin enerji xərclərini 10 faiz artırdığını və daha böyük hücumun nəticələrinin ciddi ola biləcəyi barədə xəbərdarlıq edib. “Biz tək bir insidenti idarə edə bilərik, lakin ardıcıl hücumlar tədarük təhlükəsizliyini təhdid edə bilər” deyə Sapp bildirib.

Parisdə yerləşən Jacques Delors Enerji Mərkəzinin rəhbəri Phuc-Vinh Nguyen bildirib ki, Baltik dənizi kimi dayaz olan Şimal dənizi də oxşar təxribatlara açıqdır. “Norveç və Aİ arasında infrastruktur əlaqəsini hədəfə almaq xaotik ssenariyə gətirib çıxara bilər”, Nguyen xəbərdarlıq edib.

Nquyen vurğulayıb ki, İrlandiya və Malta kimi qitə ilə məhdud əlaqəsi olan adalar xüsusilə həssasdır. Ekspertlər deyirlər ki, İrlandiyanın NATO üzvü olmaması və sualtı qayıqları izləmə imkanlarının olmaması riskin daha böyük olduğunu göstərir.

NATO yanvar ayında Baltik dənizini müşahidə etmək üçün freqatlar, dəniz patrul təyyarələri və pilotsuz dəniz nəqliyyat vasitələrini yerləşdirəcəyini açıqlamışdı. NATO baş katibinin müavini Ceyms Appaturay deyib: “Biz daha çox hərbi iştirak, daha güclü nəzarət və tədbirlərlə piratçılığın qarşısını almağı hədəfləyirik”.

Aİ 2024-cü ilin fevralında sualtı infrastrukturun qorunması üçün 540 milyon avro məbləğində fond ayırıb. “Aİ üzv dövlətlərini dəstəkləməyə hazırdır. Bizim hazırlıqlarımıza tək bir əlaqədən asılı olmamaq daxildir”, – Avropa Komissiyasının Təhlükəsizlik üzrə vitse-prezidenti Henna Virkkunen bildirib.

Finlandiyanın Ətraf Mühit Naziri Sari Multala enerji infrastrukturunu müdafiə planlarına daxil etdiklərini ifadə edərək, “Rusiya ilə uzun bir sərhədimiz var. Ən pisə hazır olmalıyıq” fikrini ifadə edib.

Estoniya və Litva öz ərazi sularından kənarda şübhəli gəmiləri ələ keçirəcək qanun layihələri hazırlayır, Böyük Britaniya isə gəmilərin hərəkətini izləmək üçün süni intellektə əsaslanan proqrama başlayıb. “Xalqımız bunu kritik infrastruktur üçün təhlükə kimi görür” deyən Estoniyanın iqlim naziri Yoko Alender ölkəsinin “bu cür hücumlara qarşı tədbir görməyə hazır olduğunu” əlavə edib.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Bu ölkələr yox olmaq təhlükəsi ilə üz-üzə qalıb

Bugün TV

Qar fırtınası həyatı dondurdu

Aynur Camal

“Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcək”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu