Bugun.tv xəbər verir ki, siyasi ekspert Məhəmməd Əsədullazadə sosial media hesabında Rusiya-Ukrayna müharibəsi ilə bağlı yeni danışıqlar prosesinə dair fikirlərini bölüşüb.
Ekspertin sözlərinə görə, Rusiya və Ukrayna xüsusi xidmət orqanları arasında konfidensial aparılan təmasların nəticəsində tərəflər arasında ikitərəfli danışıqların başlanması məsələsi gündəmə gəlib. O bildirib ki, avqust ayında Ukrayna rəsmiləri bir neçə dəfə Moskvada olublar və ABŞ-ın vasitəçiliyi ilə üçtərəfli formatda atəşkəs və sülh razılaşması üzrə rəsmi danışıqlara başlamaq barədə razılıq əldə edilib.
Məhəmməd Əsədullazadə hesab edir ki, Ukraynanın Rusiyanın enerji və strateji əhəmiyyətli neft obyektlərinə endirdiyi zərbələr Moskvanın danışıqlar masasına qayıtmasına təsir edən amillərdən biridir. Onun fikrincə, Rusiyaya qarşı iqtisadi təzyiqlərin artması da prosesə təsir göstərə bilər.
Ekspert əsas problemin Donbas məsələsi olduğunu vurğulayıb. Onun sözlərinə görə, Rusiya Ukrayna ordusunun Donbasda nəzarətdə olan ərazilərdən geri çəkilməsini tələb edir. Ukrayna tərəfinin isə bu tələbi qəbul etməsi dövlətin müdafiə qabiliyyətinin zəifləməsinə və orduda parçalanma riskinin yaranmasına səbəb ola bilər.
Əsədullazadə hesab edir ki, hazırkı mövqelərin qorunması şərtilə atəşkəsə keçid iki tərəf üçün daha optimal variantdır. O bildirib ki, ABŞ hazırda məhz bu istiqamətdə çalışır.
