Rusiya və Çin arasında turist səfərləri üçün tətbiq olunan müvəqqəti vizasız rejimin daimi əsasda qüvvədə olması istiqamətində danışıqlar aparılır. Tərəflər bu məqsədlə müvafiq sazişin hazırlanmasına başlayıblar.
Bugun.tv xəbər verir ki, “Mail.ru” nəşrinin məlumatına görə, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Yevgeni İvanov TASS agentliyinə açıqlamasında bildirib. Onun sözlərinə görə, Rusiya tərəfi Çinlə vizasız gediş-gəliş haqqında saziş üzərində işi davam etdirir.
Məsələ daha əvvəl iki ölkə liderinin görüşündə də müzakirə olunub. Rusiya Prezidenti Vladimir Putin avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkekdə Çin lideri Si Cinpinlə görüşü zamanı qarşılıqlı vizasız rejimin daimi əsasda tətbiqinə hazır olduqlarını bəyan edib.
Hazırda tərəflər arasında qüvvədə olan rejimə əsasən, müvafiq şərtlərə cavab verən adi pasport sahibləri turizm, işgüzar səfər və digər müəyyən edilmiş məqsədlərlə 30 günədək vizasız səfər edə bilirlər. Müvəqqəti rejim 2027-ci il dekabrın 31-dək uzadılıb.
Rusiya və Çin rəsmilərinin məlumatına görə, vizasız səfərlər iki ölkə arasında turizm əlaqələrinin genişlənməsinə də təsir göstərib. 2026-cı ilin ilk yarısında qarşılıqlı turist səfərlərinin sayında 43 faiz artım qeydə alınıb.
Yeni saziş qəbul edilərsə, iki ölkə vətəndaşlarının qarşılıqlı səfərləri üçün vizasız rejim müddətsiz xarakter daşıya bilər. Bununla belə, razılaşma hələ hazırlanma mərhələsindədir.
Mənbə: mail.ru
