Bugun.tv xəbər verir ki, Rusiyada keçirilən parlament seçkilərinin ilkin nəticələrinə əsasən, Prezident Vladimir Putinin rəhbərlik etdiyi “Vahid Rusiya” partiyası səsvermədə öndədir.
Al Jazeera-nın AP və Reuters-ə istinadən yaydığı məlumata görə, səsvermə cümə günü başlayıb və bazar günü başa çatıb. Dövlət Dumasına keçirilən seçkilərdə Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, səslərin 90,43 faizi hesablandıqdan sonra “Vahid Rusiya” 58,86 faiz səslə ilk pillədə qərarlaşıb. Daha sonra nəticələrin 95 faizinin hesablandığı bildirilib.
Seçkilərdə seçici fəallığı bazar günü axşamına olan məlumata görə 56 faizə çatmayıb. Bundan əlavə, 3,6 milyondan çox seçicinin elektron səsvermədə iştirak etdiyi açıqlanıb.
Digər partiyalar arasında Rusiya Federasiyası Kommunist Partiyası 13,84 faiz, Rusiya Liberal Demokrat Partiyası 8,9 faiz, “Yeni İnsanlar” 7,94 faiz, “Ədalətli Rusiya” isə 4,95 faiz səs toplayıb. Bu partiyaların da Dövlət Dumasında yer qazanacağı gözlənilir.
Al Jazeera qeyd edir ki, seçkilərdə Putinin siyasətinə qarşı çıxan namizədlərin əksəriyyəti seçkiyə buraxılmayıb. Liberal “Yabloko” partiyasının lideri Nikolay Rıbakov isə bülletenini etibarsızlaşdıraraq üzərinə partiyasının adını və “Sülh üçün” şüarını yazıb.
Səsvermədə Rusiya tərəfindən 2022-ci ildə ilhaq edilmiş, beynəlxalq səviyyədə Rusiyanın ərazisi kimi tanınmayan Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin sakinləri, həmçinin Krımdakı seçicilər də iştirak ediblər. Ukrayna bu ərazilərdə keçirilən səsverməni qanunsuz hesab edir.
Al Jazeera-nın məlumatına görə, yekun nəticələrin bütün səslər hesablandıqdan və digər qanuni prosedurlar başa çatdıqdan sonra açıqlanması gözlənilir.
Mənbə: Aljazeera
