15 C
Baku
29 Mart 2024, 14:25
Mədəniyyət

Səsim özümə xoş gəlir

Səsim özümə xoş gəlirdi. Mənə elə gəlirdi ki, məndən yaxşı oxuyan yoxdur. Dostlarım mənə xalq ulduzuna getməyi məsləhət görürdülər. Evdəkilər isə günümü göy əsgiyə bükmüşdilər. Elə ki, oxumağa başlayırdım, qaynanam başını tuturdu, uşaqlarım eyvana qaçırdı, arvadımın ağzı açılırdı:

– Səni görum səsin batsın! Qorxurdum arvadım çayıma dərman qatar, səsim batar. Evdə oxumağa xitam verdim. Başladım liftdə oxumağa. Ìyirmi dörd mərtəbəli binada yaşayıram. Liftin düyməsini basıb, iyirmi dördüncü mərtəbəyə kimi oxuyurdum. İyirmi dördüncü mərtəbədən zəngulə vura-vura düşürdüm birinci mərtəbəyə. Daha heç kim mənə səsin batsın demirdi. Lifti etmişdim Filarmoniyanın səhnəsi. Ìstəyirdim pop oxuyurdum, istəyirdim rok, istəyirdim klassika.

Günlərin bir günu liftdə “Koroğlu” operasından Koroğlunun ariyasını oxuyanda lift səkkizinci mərtəbədə dayandı. Liftin qapısı açıldı. Bir qadın mənim Koroğlu kimi nərə çəkdiyimi görub, qorxub geri çəkildi. Mən ona işarə etdim ki, liftə minsin. Dedi, yox minmərəm. Bu hadisədən üç gün sonra, liftə elan vurdular. “Liftdə oxumaq qadağandır”. Özümu də evlər idarəsinə çağırıb, dönə-dönə tapşırdılar ki, bir də liftdə oxumayım. Dedim, sizin məni susdurmağa ixtiyarınız yoxdur! Demokratiyadır! Kim harda istəyir, oxuya bilər. Əhəmiyyət verməyib, oxumağa başladım. O gündən nə vaxt liftə minib oxumağa başladım, lift xarab olurdu. Sonuncu dəfə gecədən səhərə kimi liftdə qaldım. Sonradan başa düşdüm ki, bu evlər idarəsinin işidir, odur ki, liftdə oxumağı tərgitdim. Səhər tezdən boxçamı yığıb getdim hamama. Lift olmasın, hamam olsun. Sən demə mənim yerim hamam imiş. Hamamda səsim liftdəkindən çox yaxşı çıxırdı. Mən hamamda oxuyanda, qonşu nömrələrdən məni alqışlayırdılar, hətta şifariş verən də olurdu. Səhər hamama girib, axşam çıxırdım. Mənim hamamdakı konsertlərim çox çəkmədi. Kimsə gedib hamam müdürünə şikayət edib, o, da qapıçıya tapşırıb ki, məni hamama buraxmasın. Dedim, eybi yox, istedadı həmişə belə boğublar. Əsəbimdən səhərə kimi yatmadım. Səhərə yaxın ağlıma bir fikir gəldi. Səhər açılan kimi yollandım qəbiristanlığa, sakitçilik, heç kim yox, başladım oxumağa. Bir ölu də qəbirdən çıxıb demədi ki, səsin batsın, oxuma! Artıq neçə gün idi ki, qəbiristanlıqda konsert proqramım əla keçirdi, əgər mollalar olmasaydı. Bir neçə molla mənə yaxınlaşıb dedi ki, ə vələduzna, biz burada yasin oxuyub, pul qazanırıq, sən də ağzını qoymusan Allah yoluna! Koroğlu belə gəldi, Nigar belə getdi! Kəs səsini!

Dedim, demokratiyadır. Kim harada istəyir, orada oxuya bilər. Mollalardan biri mənə yaxınlaşıb qulağıma dedi:

– Qəbiristanlıqda demokratiya olmur, burada molla rejimidir. Nə qədər ayağın salamatdır sürüş buradan! Qəbiristanlıqdakı qastrol səfərim belə uğursuzluqla sona yetdi. İndi neçə gündür oxumağa yer axtarıram. Dostum mənə buranı işarə verdi. Necə bilirsiniz ,burada oxusam, məni qovmazlar ki?

Əhməd Orucoğlu

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

Bu gün Radio və Televiziya işçilərinin peşə bayramıdır

İntizar Əmirova

CinemaPlus-da “Efsane” filmininin qala gecəsi keçirildi

Kəmalə Sultan

Tanınmış heykəltəraş Mir Cəlal Paşayevin büstünü hazırladı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu