Bugun.tv xəbər verir ki, Səudiyyə Ərəbistanı İranın Hörmüz boğazında ölkənin milli gəmiçilik şirkətinə məxsus neft tankerinə hücum etdiyini və hadisə nəticəsində iki filippinli dənizçinin öldüyünü açıqlayıb.
Reuters-in məlumatına görə, hadisə bazar ertəsi gecə Oman sahilləri yaxınlığında baş verib. Hücuma məruz qalan gəminin Səudiyyənin Bahri şirkətinə məxsus Sidr tankeri olduğu bildirilir. Gəmi Səudiyyə nefti daşıyan iki supertankerdən biri olub.
Bahri şirkəti bildirib ki, hadisə yerli vaxtla saat 23:40 radələrində baş verən təhlükəsizlik insidenti zamanı qeydə alınıb. İki ekipaj üzvünün həyatını itirdiyi təsdiqlənib.
Hörmüz boğazında vəziyyət son günlər daha da gərginləşib. Bu marşrut qlobal enerji ticarəti üçün əsas dəniz yollarından biridir və münaqişə başlamazdan əvvəl dünya neft ticarətinin təxminən beşdə biri bu ərazidən keçirdi.
Səudiyyə hakimiyyəti gərginliyin dayandırılmasına, beynəlxalq dəniz təhlükəsizliyinə və qlobal enerji təchizatının qorunmasına çağırıb.
Mənbə: Reuters
