Alimlər saç uzatma üçün istifadə olunan əlavə saç priyadalarında yüzlərlə potensial təhlükəli kimyəvi maddə aşkar ediblər. Bu maddələrin bir hissəsi xərçəng riskinin artması və hormonal pozuntularla əlaqələndirilir.
Bugun.tv xəbər verir ki, ABŞ-ın Silent Spring İnstitutunun tədqiqatçıları 43 məşhur saç uzatma məhsulunu analiz ediblər. Araşdırmaya həm sintetik liflərdən hazırlanmış, həm də təbii materiallardan – o cümlədən insan saçından ibarət məhsullar daxil edilib.
Yüksək dəqiqlikli kimyəvi analiz nəticəsində tədqiqatçılar 900-dən çox kimyəvi iz müəyyən edib və 169 müxtəlif maddə aşkar ediblər. Nümunələrin demək olar hamısında (yalnız iki nümunə istisna olmaqla) elmi mənbələrdə xərçəng, hormonal pozuntular, inkişaf problemləri və immun sisteminə təsirlə əlaqələndirilən birləşmələr tapılıb.
Aşkar olunan maddələr arasında alov gecikdiricilər, ftalatlar, pestisidlər, stiren və orqanotinlər yer alıb. Xüsusilə orqanotinlərin tapılması alimləri təəccübləndirib. Bu maddələr plastik stabilizatoru kimi istifadə olunur, dəri qıcıqlanması yarada bilər və hormonal tarazlığı poza bilər.
Araşdırmada 36 nümunədə süd vəzi xərçəngi riskinin artması ilə əlaqələndirilən maddələr də müəyyən edilib.
Alimlər qeyd edirlər ki, saç priyadaları adətən həftələrlə istifadə olunur və uzun müddət baş dərisi və boyun nahiyəsi ilə təmasda qalır. Bundan əlavə, termik düzləndirmə zamanı bu məhsullar havaya kimyəvi maddələr buraxa bilər.
Tədqiqat müəllifləri istehsalçıların məhsul tərkibini tam açıqlamaq məcburiyyətində olmadığını vurğulayaraq, daha sərt nəzarət və şəffaflıq tələb olunduğunu bildiriblər.
Araşdırma Environment & Health jurnalında dərc olunub.
Mənbə: health.mail.ru
