Böyük Britaniyada yaşayan 30 yaşlı qadın nadir rastlanan sindroma görə 20 ildir meyvə və tərəvəz yemir. Sonuncu dəfə şaftalı yedikdən sonra ortaya çıxan nadir sindrom onun həyatını alt-üst edib.
İngiltərədə yaşayan 30 yaşlı Chloe Raisbeck-in həyatı 2005-ci ildə məktəbdə yediyi bir şaftalı ilə tamamilə dəyişdi. Raisbeck xatırlayır: “Mən heç bir problem olmadan meyvə və tərəvəz yeyirdim. Ancaq şaftalıdan dişləyəndə dodaqlarım şişdi və boğazımda şiddətli qaşınma əmələ gəldi”.
Hadisə baş verən gündən təcili müdaxilələr üçün özü ilə EpiPen aparan Raisbeck zaman keçdikcə onda ciddi yemək qorxusu (Cibophobia) inkişaf etdiyini bildirib. Hətta deyir ki, o, sevgilisindən yaşıl tərəvəz yedikdən sonra dişlərini fırçalamasını xahiş edir.
New York Post qəzetinin xəbərinə görə, “Yemək mənim üçün artıq bir zövq deyil, daimi bir narahatlıq mənbəyidir. Hər dişləmədə nə olacağını bilməmək olduqca yorucudur” deyən Raisbeck, əsas qida ehtiyaclarını qarşılamaq üçün hər gün multivitamin həblərinə əl atmalı olduğunu bildirir.
Yaşadığı bütün hadisələrə və çətinliklərə baxmayaraq, Chloe təslim olmadı və bu il kiçik, lakin ümidverici bir uğur qazandı; ilk dəfə moruq yeyə bildi.
Bu təcrübənin ona mənəvi güc verdiyini deyən gənc qadın, “Ömrümün sonuna qədər bu allergiya ilə yaşayacağımı bilirəm. Bununla belə, yavaş-yavaş yeni yeməkləri sınamağa çalışıram. Hər şey dişləmə ilə başlayır” deyib.
Həkimlər Chloe Raisbeck-in vəziyyətinin nadir olduğunu, lakin ciddi risklər daşıdığını vurğulayırlar. Çiy meyvə və tərəvəzlərdəki zülalların polen allergiyası olan şəxslərin immun sistemi tərəfindən təhlükə kimi qəbul edildiyi zaman Oral Allergiya Sindromu meydana gəlir. Bu, yüngül simptomlardan həyati təhlükəsi olan allergik reaksiyalara qədər ciddi nəticələrə səbəb ola bilər.
Mənbə: TgrtHaber