“Həyat tərzi – insanın şəxsi təcrübəsi, adət-ənənələrinə, cəmiyyətdə normalara əsaslanan davranış sistemidir. Sağlam həyat tərzinin formalaşmasında insanın sağlamlığına müsbət təsir edən amillərin, xüsusilə, gündəlik iş rejiminin, səmərəli qidalanmanın, idmanla məşğul olmağın, ətrafda olan həmyaşıdları ilə xoş və qarşılıqlı ünsiyyətin böyük təsiri vardır.
Qlobal və lokal ekoloji problemlərin – səhralaşma və torpaqların deqradasiyası, biomüxtəlifliyin tükənməsi, urbanizasiya, stress kimi ciddi problemlərin artdığı bir dövrdə əsrin xəstəlikləri hesab edilən QİÇS (qazanılmış immun çatışmazlığı sindromu), hemofiliya (talessemiya), narkomaniya, alkoqolizm, ürək damar, xərçəng xəstəlikləri geniş yayılmışdır. Belə bir dövrdə sağlamlıq haqqında biliklərə yiyələnmək və bu biliklərə riayət etmək hər bir mədəni insanın başlıca vəzifələrindən biridir. Sağlam həyat tərzi hər bir yeniyetmənin, gəncin şəxsi seçim yolu və fərdi davranış sistemidir”.
Bugun.tv xəbər verir ki, bu barədə Tibb elmləri doktoru Yazgül Abdiyeva öz facebook səhifəsində paylaşıb.
Tibb elmləri doktoru həmçinin qeyd edib ki, hər bir məktəblidə, yeniyetmədə aşağıda qeyd olunan bir sıra cəhətlərin formalaşdırılması, özünün sağlam həyat tərzini təmin etməsində böyük əhəmiyyətə malikdir:
- -öz həyatının sahibi olaraq yaşadığın həyatda müsbət nəticələrə nail olacağına inanmaq;
- – zərərli vərdişlərdən uzaq olmaq, həyata qarşı özündə müsbət münasibət yaratmaq və yaşadığına görə hər gün zərrə qədər də olsa sevinc duymaq;
- – özünə hörmət hissini inkişaf etdirmək, hədər yerə yaşamadığını və qarşıda duran problemləri həll etməyə qadir olduğunu dərk etmək;
- – qidalanma rejiminə və sanitariya qaydalarına riayət etmək;
- – əmək və istirahət rejiminə riayət etmək;
- -həyatda rastlaşdığın uğursuzluqlara nikbinliklə yanaşmaq;
- – nailiyyətlərə sevinmək, çünki hər bir xırda nailiyyətin sevinci böyük nailiyyətlərə təkan verir.
Ekoloji lövhədə sağlam insanı nəhəng gövdəli bir ağac kimi təsvir etsək, onun hər bir budağını sağlamlığın bir hissəsi saymaq olar.
- –Sən özünü yaxşı hiss edirsənsə – bu sağlamlıqdır.
- -Sənin heç yerin ağrımırsa – bu sağlamlıqdır.
- -Sənin həyatda sevinməyinə heç nə mane olmursa – bu sağlamlıqdır.
- -Səhər yuxudan xoş əhval-ruhiyyə ilə oyanırsansa – bu sağlamlıqdır.
- -Yaxşı iştahan varsa – bu sağlamlıqdır.
Müasir cəmiyyətdə gənc nəslin sağlam yetişməsinə mane olan ən kəskin problemlər sırasında siqaretçəkmə, narkomaniya və spirtli içkilərin istifadəsi kimi vərdişlər gənclər arasında daha geniş yayılmışdır. Bu fəlakətli meyllər bütövlükdə cəmiyyətin həyatına mənfi təsir göstərir.
Siqaretin insan orqanizminə nə qədər ziyanlı olduğunu siqaret çəkənlər çəkməyənlərdən daha yaxşı bilir. Ömür bizə Allah tərəfindən verilən əmanətdir. Onu ziyanlı vərdişlərlə, xüsusilə siqaret çəkməklə, alkoqollu içkilər qəbul etməklə, narkotik maddələrə aludə olmaqla ömrü qısaltmaq isə böyük yaradana xəyanət ola bilər.
Gənclərin spirtli içkilərə qurşanması, bir tərəfdən onların zehni inkşafını zəiflədir, digər tərəfdən isə onların məktəbə, idmana, təhsilə, zəhmətə olan həvəsini söndürür. Belə ki, riyaziyyatçı Pifaqorun sözlərini xatırlatmaq lazımdır. – Sərxoşluq ağılsızlığın məşqidir. Alkoqolu çox qədim zamanlardan əqlin oğrusu adlandırmışlar.
Məktəblilərin hərtərəfli inkişaf etmiş bir şəxsiyyət kimi formalaşmasında ailə ilə yanaşı təhsil işçilərinin də üzərinə çox məsuliyyətli vəzifələr düşür. Spirtli içki, narkotik vasitələr, siqaret çəkmək, ünsiyyət zamanı emosional və psixi gərginlik, həmçinin, yaşayış yerlərində xoşagəlməz ekoloji şəraitin mövcudluğu sağlam həyat tərzinə mənfi təsir göstərir. Hamı siqaret çəkməyib idmanla məşğul ola bilər, hamı qida rejiminə riayət edə bilər. Amma əslində belə deyil. İdmanla az adam məşğul olur. Qida rejiminə əməl etmək ayrı-ayrı insanların həyat devizidir.
Gənc nəslin sağlam böyüməsi üçün onlarda erkən yaşlarından sağlam həyat tərzinə uyğun vərdişlərin formalaşması çox vacibdir. Təbii sərvətlərdən düzgün istifadə qaydalarının öyrədilməsi məktəblilərin sağlam ruhlu, sağlam düşüncəli, bir sözlə, fiziki və mənəvi cəhətdən sağlam bir vətəndaş kimi tərbiyə edilməsinə kömək edir.
Sağlam həyat tərzinə maraq oyadılması məktəbliləri zərərli vərdişlərdən çəkindirərək asudə vaxtlarını səmərəli keçirməyə həvəsləndirir. Maraqlı oyun formasında təşkil olunan ekoloji tədbirlər müəllim-şagird kollektivinin birgə yaradıcılıq işidir. Məktəblilərdə sağlam həyat tərzinin formalaşmasında əlamətdar təqvim günlərinə həsr edilmiş tədbirlərin əhəmiyyəti nəzərə alınmalıdır.
Tibb Elmləri doktoru Yazgül Abdıyeva