Bugun.tv xəbər verir ki, Çinin Quanqsi vilayətində baş verən güclü tayfun və daşqınlar nəticəsində ilan yetişdirilən fermadan təxminən 900 ilan qaçaraq yaxınlıqdakı Dengvey kəndinə yayılıb.
Məlumata görə, aramsız yağışların səbəb olduğu sel Liulan bəndinin dağılmasına gətirib çıxarıb. Daşqın suları yaxınlıqdakı ilan təsərrüfatının mühafizə divarlarını və hasarlarını dağıdaraq yüzlərlə ilanın ətrafa yayılmasına səbəb olub. Qaçan ilanlar arasında zəhərli kobraların da olduğu bildirilir.
Hadisədən sonra Dengvey kəndində fövqəladə vəziyyət elan edilib. Sel suları altında qalan küçələrdə çoxlu sayda ilanın üzdüyü, bəzilərinin isə yaşayış evlərinin pəncərələrinə qalxmağa çalışdığı qeyd olunur.
Bel hündürlüyünədək yüksələn sular arasında qalan kənd sakinləri ilanlardan qorunmaq üçün bambuk çubuqlardan istifadə ediblər.
Vilayət rəhbərliyi hadisədən sonra genişmiqyaslı əməliyyata başlayıb. Xüsusi qoruyucu geyimlə təchiz olunmuş xilasedicilər həm ilanların tutulması, həm də sel bölgəsində qalan insanların təhlükəsiz əraziyə köçürülməsi istiqamətində fəaliyyət göstərirlər.
Səhiyyə qurumları zəhər əleyhinə preparat ehtiyatlarını artırıb, yerli xəstəxanalarda kobra sancmalarına operativ müdaxilə üçün xüsusi qruplar yaradılıb. Hazırkı məlumata görə, bir nəfər ilan sancması səbəbindən xəstəxanaya yerləşdirilib.
Bölgədə təsirini davam etdirən tayfun və daşqınlar nəticəsində indiyədək azı 39 nəfərin həyatını itirdiyi bildirilir.
Mənbə: EnSonHaber

