Bugun.tv xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Baykar İdarə Heyətinin sədri və texnologiya lideri Səlcuq Bayraktarı qəbul edib.
Səlcuq Bayraktar Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşüb. Görüş zamanı Baykar şirkətinin Azərbaycanda həyata keçirdiyi layihələr və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Bayraktar görüşlə bağlı sosial media hesabında paylaşım edərək bildirib ki, Prezident İlham Əliyevə Baykar Texnologiyanın Azərbaycanda reallaşdırdığı layihələr barədə ətraflı məlumat verib.
O, göstərilən səmimi qəbula görə təşəkkürünü ifadə edərək, Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinin daim möhkəm qalacağını vurğulayıb.
Səlcuq Bayraktar paylaşımında, “Görüşümüz zamanı Baykar Texnologiyanın Azərbaycanda həyata keçirdiyi layihələr barədə cənab Prezidentə məlumat təqdim etdim. Səmimi qəbula görə minnətdarlığımı bildirirəm. Can Azərbaycanla birliyimiz və qardaşlığımız əbədi olsun.” sözlərini qeyd edib.
Azərbaycan və Türkiyə son illərdə müdafiə sənayesi, yüksək texnologiyalar və pilotsuz uçuş aparatları sahəsində strateji əməkdaşlığı daha da genişləndirir. Baykarın Azərbaycanda həyata keçirdiyi layihələr iki qardaş ölkə arasında texnoloji tərəfdaşlığın mühüm istiqamətlərindən biri hesab olunur.
Mənbə: Trt.haber

