Bugun.tv xəbər verir ki, Misirdə Azərbaycan diasporunun sədri, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, Dünya Azərbaycanlı Alimlər Birliyinin həmsədri, tədqiqatçı-alim Seymur Nəsirov Qahirə Beynəlxalq Film Festivalının 48-ci buraxılışı çərçivəsində keçirilən beynəlxalq simpoziumda çıxış edib.
Misirin ən böyük xeyriyyə fondlarından biri olan “Misr Əl-Xeyr” Fondu tərəfindən təşkil edilən “Gənc istedadlıları kəşf et” adlı simpoziumda elm, təhsil, mədəniyyət və incəsənət sahələrinin nümayəndələri bir araya gəliblər.
Tədbirdə çıxış edən Seymur Nəsirov hər bir ölkənin inkişafında gənc istedadların vaxtında aşkar edilməsinin, onların bilik və bacarıqlarının üzə çıxarılmasının, eləcə də cəmiyyətdə tanıdılmasının mühüm rol oynadığını vurğulayıb.
O, xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi və dövlətlərarası əlaqələrin genişləndirilməsi baxımından xarici tələbələrin roluna da xüsusi diqqət çəkib.
Saytımıza müsahibəsində tədqiqatçı-alim qeyd edib ki, xarici tələbələr təhsil aldıqları ölkələrlə doğma vətənləri arasında mühüm dostluq, elm və mədəniyyət körpüsü yaradırlar.
Seymur Nəsirov həmçinin uzun illərdir Misirdə xarici tələbələrlə həyata keçirdiyi fəaliyyətin əhəmiyyətindən danışaraq, gənclərin təhsilinə, inkişafına və beynəlxalq əlaqələrinin genişlənməsinə dəstəyin vacibliyini diqqətə çatdırıb.
Qahirədə nüfuzlu şəxslərin iştirakı ilə keçirilən simpozium
Simpoziumda Misirin sabiq Baş naziri doktor İsam Şərəf, tanınmış aktrisa Vəfa əl-Həkim, “Misr Əl-Xeyr” Fondunun Sosial Həmrəylik və Borclu Qadınlarla İş Sektorunun rəhbəri doktor Hənan əl-Dərbaşi, Fondun Himayəçilər Şurasının üzvü yepiskop Münir Hanna, İncəsənət Akademiyasının prezidenti doktor Nəbilə Həsən, eləcə də elm, ictimaiyyət, mədəniyyət və media nümayəndələri iştirak ediblər.
Seymur Nəsirovun çıxışı tədbir iştirakçılarının marağına səbəb olub və yüksək qiymətləndirilib.
Misirdə minlərlə tələbənin təhsilinə dəstək
Qeyd edək ki, Seymur Nəsirov 2003-cü ildən etibarən Misirdə 100-dən çox ölkədən gələn minlərlə tələbəyə rəhbərlik edib. Hazırda onun rəhbərlik etdiyi layihələr çərçivəsində dünyanın 65 ölkəsindən 2000-dən çox tələbə təhsilini davam etdirir.
Onun uzun illərdir həyata keçirdiyi bu fəaliyyət Azərbaycanla digər ölkələr arasında elmi, təhsil və mədəni əlaqələrin inkişafına, həmçinin Azərbaycan diasporunun beynəlxalq müstəvidə təmsilçiliyinə töhfə verir.
Bugun.Tv olaraq onu da qeyd edək ki, gənc istedadların dəstəklənməsi, onların beynəlxalq elm və təhsil mühitinə inteqrasiyası xalqlar arasında dostluq əlaqələrinin möhkəmlənməsində mühüm əhəmiyyət daşıyır.

