Bugun.tv xəbər verir ki, hər il dekabrın 5-də qeyd olunan Dünya Türk Qəhvəsi Günü Türkiyənin əsrlərdən bəri qorunub saxlanılan qəhvə mədəniyyətini, qonaqpərvərlik ənənələrini və zəngin kulinariya irsini daha yaxından tanımaq üçün xüsusi fürsət yaradır.
Özünəməxsus ətri, məxməri köpüyü və hazırlanma üsulu ilə seçilən türk qəhvəsi sadəcə bir içki deyil, həm də insanları bir araya gətirən mədəni ənənədir. Bu ənənənin beynəlxalq əhəmiyyəti 2013-cü ildə UNESCO tərəfindən “Türk qəhvəsi mədəniyyəti və ənənəsi” adı ilə Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilməsi ilə təsdiqlənib.
Əsrlərin yaşatdığı qəhvə ənənəsi
XVI əsrdə Yəməndən İstanbula gətirilən qəhvə qısa müddətdə Osmanlı cəmiyyətinin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. İnsanların söhbət etmək, fikir mübadiləsi aparmaq və vaxt keçirmək üçün toplaşdığı qəhvəxanalar sonradan Avropada da geniş yayılıb.
Türk qəhvəsinin fərqli dadının sirri onun hazırlanma üsulundadır. İncə üyüdülmüş qəhvə dənələri “cezve” adlanan kiçik qabda su ilə birlikdə vam odda bişirilir. Hazır içki kiçik fincanlarda, çox vaxt türk lokumu ilə təqdim olunur. Dost söhbətlərindən nişan mərasimlərinə qədər bu ənənə Türkiyənin sosial həyatında öz yerini qoruyur.

Türkiyənin bölgələrində fərqli qəhvə dadları
Türkiyəyə səyahət edən qəhvə həvəskarları bu ənənəni müxtəlif bölgələrdə fərqli çalarlarla kəşf edə bilərlər.
İstanbulda Sultanahmet, Sirkeci, Eminönü, Karaköy və Qalata kimi tarixi məhəllələrdə ənənəvi qəhvəxanalar ziyarətçiləri özünəməxsus ab-havası ilə qarşılayır. Burada isti qum və ya köz üzərində hazırlanan türk qəhvəsini dadmaq mümkündür.
İzmirdə, xüsusilə Alaçatıda saqqız ətirli qəhvə diqqət çəkir. Qaziantep isə qovrulmuş menengiç meyvələrindən hazırlanan, təbii olaraq kofeinsiz qəhvəsi ilə tanınır. Şanlıurfa və Mardində tünd və acı dadı ilə seçilən mırra qəhvəsi, Adıyamanda isə müxtəlif inqrediyentlərin birləşməsindən hazırlanan karvansaray qəhvəsi xüsusi maraq doğurur.
Türkiyənin müxtəlif bölgələrində hazırlanan dibek qəhvəsi də özünəməxsus üsulu ilə seçilir. Ənənəvi olaraq qovrulmuş qəhvə dənələri daş həvəngdəstədə döyülərək üyüdülür.

Qəhvə mədəniyyətini yaxından tanımaq istəyənlərə
Türkiyənin Karabük vilayətində yerləşən Safranbolu şəhərindəki Türk Qəhvəsi Muzeyi də bu mədəni irsi tanımaq istəyənlər üçün maraqlı ünvanlardan biridir. Tarixi evləri və özünəməxsus memarlığı ilə tanınan Safranbolu ziyarətçilərə keçmişin qəhvə ənənələrini daha yaxından öyrənmək imkanı yaradır.
Qeyd edək ki, türk qəhvəsinin mədəni dəyəri yalnız hazırlanma qaydası ilə məhdudlaşmır. Fincan ətrafında qurulan səmimi söhbətlər, qonağa qəhvə təqdim etmək və hətta fincanın dibində qalan çöküntüdən fal açmaq kimi adətlər bu ənənənin ayrılmaz hissəsidir.
Beləliklə, 5 dekabr – Dünya Türk Qəhvəsi Günü Türkiyənin zəngin tarixini, regional dadlarını və qonaqpərvərlik ənənələrini bir fincan qəhvə vasitəsilə kəşf etmək üçün gözəl fürsətdir.

