Avstraliyanın Yeni Cənubi Uels ştatında silahlı hücum baş verib. Yerli mediaya istinadən yayılan məlumata görə, Sidneydən təxminən 611 kilometr qərbdə yerləşən Lake Cargelligo qəsəbəsində naməlum şəxs və ya şəxslər tərəfindən açılan atəş nəticəsində 3 kişi həyatını itirib, 1 kişi isə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.
Sydney Morning Herald qəzetinin yazdığına görə, hadisə ailədaxili zorakılıq zəminində baş verib.
Hücumçu axtarışdadır
Polis hücumu törədən şəxsin hadisə yerindən qaçdığını açıqlayıb. Bölgədə genişmiqyaslı axtarış əməliyyatı başladılıb, təhlükəsizlik tədbirləri çərçivəsində ağır silahlı polis qüvvələri qəsəbəyə cəlb olunub.
Polisin rəsmi açıqlamasında bildirilib ki, Lake Cargelligo ərazisində əməliyyat davam edir. Əhalidən bölgədən uzaq durmaları, yerli sakinlərdən isə evlərini tərk etməmələri xahiş olunur.
Bondi hücumu hələ də yaddaşlardadır
Qeyd edək ki, Avstraliya cəmiyyəti yaxın vaxtlarda baş vermiş başqa bir silahlı hücumun təsirindən hələ də çıxa bilməyib. Sidneydəki Bondi çimərliyində 14 dekabr tarixində Hanuka bayramını qeyd edən insanlara qarşı təşkil olunan hücumda 15 nəfər ölmüşdü.
Həmin hadisədən sonra polis hücumçulardan birini zərərsizləşdirmiş, digərini isə yaralı halda saxlamışdı. Daha sonra Avstraliya Baş naziri Entoni Albaniz qeyri-qanuni və qadağan olunmuş silahların yığılaraq məhv edilməsini nəzərdə tutan milli geri-alım proqramının başladılacağını elan etmişdi.
Mənbə: EnSonHaber
