Kanadada keçirilən seçkilərdə səs çoxluğu qazanan Liberal Partiyasının Oakville West namizədi Şima Açan ilk türk millət vəkili olaraq parlamentə daxil olub.
Dünən keçirilən növbədənkənar ümumi seçkilər yekunlaşarkən qeyri-rəsmi nəticələr də paylaşılıb.
Kanadanın rəsmi və müstəqil seçki qurumu Elections Canada tərəfindən paylaşılan ilkin nəticələrə görə, hakim Liberal Partiyası seçkidə qalib gəlib.
Oakville West bölgəsində Liberal Partiyasının namizədi kimi iştirak edən Şima Açan Kanada parlamentinə seçilən ilk türk millət vəkili kimi tarixə düşüb.
Açan seçkidə qalib gəldikdən sonra “Kanadanın Türk Sesi” kanalına açıqlama verərək türkcə bilən, türklərin dərdindən xəbərdar biri kimi Kanada parlamentinin üzvü olmaqdan çox həyəcanlı olduğunu bildirib.
Açan texnoloji və iqtisadi sahədəki inkişaflar üçün çalışmaq istədiyini qeyd edib.
Qəzzaya verdiyi dəstək ilə gündəmə gələn Açan, sosial media hesabından İsrailin Qəzzaya hücumları ilə bağlı açıqlamaları ilə də diqqət çəkir.
İsrailin atəşkəs razılaşmasını pozaraq Qəzzaya hücumlarını yenidən başlatmasından dərin narahatlığını ifadə edən Açan, seçkidə qalib gəldiyi Oakville West bölgəsində İsrailin hücumlarından zərər çəkən insanlarla görüşdüyünü X hesabında paylaşıb.
Hücumlardan təsirlənən insanların hekayələrinin “ağrılı” olduğunu vurğulayan Açan, atəşkəsin bərpasına çağırıb.
Elections Canada tərəfindən paylaşılan ilkin nəticələrə görə, hakim Liberal Partiya etibarlı səslərin 43,5 faizini toplayaraq seçkilərdə çoxluğu qazanıb.
Hazırkı səs nisbəti ilə Baş nazir Mark Karninin partiyası Kanada federal parlamentindəki 343 yerdən 168-ni qazanaraq təkbaşına idarə etmək üçün lazım olan 172 yerdən geri qalır.
41,4 faiz səs toplayan ana müxalifət Mühafizəkarlar Partiyası parlamentdəki yerlərin 144-nü qazanıb.
Mənbə: EnSonHaber