18 C
Baku
15 Noyabr 2025, 17:20
DünyaSəhiyyə

Şimal yarımkürəsində yeni bir virus yayılmağa başlayıb: H3N2

Qlobal səhiyyə mütəxəssisləri iyun ayında ortaya çıxan yeni H3N2 ştammının Şimal yarımkürəsində sürətlə yayılması səbəbindən ciddi xəbərdarlıqlar edirlər. Peyvənd proqramları başladıqca, Kanada, Birləşmiş Krallıq və Yaponiyada erkən və ağır qrip epidemiyaları xəstəxanaya qəbul hallarını artırıb.

Ümumdünya Səhiyyə Təşkilatının Tənəffüs Təhlükələri Bölməsinin rəhbəri Dr. Venqinq Çjanq bildirib ki, yeni ştamm “çox sürətlə yayılır və bəzi ölkələrdə dominant hala gəlib”.

Mütəxəssislərin fikrincə, yeni H3N2 yay ərzində yeddi yeni mutasiya əldə edib ki, bu da onu bu ilki qrip peyvəndinə daxil olan ştammdan əhəmiyyətli dərəcədə fərqləndirir.

Böyük Britaniya Milli Səhiyyə Xidmətinin rəhbəri Ceyms Maki qrip hallarının ötən illə müqayisədə üç dəfə artdığını bildirib və əlavə edib ki, ölkə “çətin qışa qədəm qoyur”.

Oxşar artım Kanadada da müşahidə olunur. Yaponiya qeyri-adi dərəcədə erkən və “misli görünməmiş” qrip mövsümü ilə üzləşir. Tokioda qrip halları ötən ilin eyni dövrü ilə müqayisədə altı dəfə artıb və ölkə üzrə 2300-dən çox məktəb və uşaq bağçası qismən bağlanıb.

“Bunlar yaxşı əlamətlər deyil”, – deyə virusoloq Angela Rasmussen bildirib.

H3N2 qrip A kimi təsnif edilir. Ölkə daxilində çoxsaylı müsbət qrip A testləri barədə məlumatlar olsa da, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) hökumətin fəaliyyətini dayandırması səbəbindən 26 sentyabrdan bəri ətraflı milli qrip məlumatlarını açıqlamayıb.

Vanderbilt Universiteti Tibb Mərkəzinin professoru Dr. William Schaffner, CDC-də genişmiqyaslı ixtisarlar səbəbindən məlumatların toplanması və təhlilinin daha da çətinləşə biləcəyini bildirdi. Schaffner qeyd etdi ki, dövlət və universitet laboratoriyaları cəlb olunacaq, lakin milli monitorinq əvvəlki illərdəki qədər sürətli və əhatəli olmayacaq.

Qrip peyvəndi bu ştamma qarşı təsirlidirmi?

Hər il fevral ayında qlobal səhiyyə orqanları payızda vurulacaq qrip peyvəndlərinin tərkibini müəyyən edir. Bu ilki peyvənd iki qrip A ştammına və bir qrip B ştammına qarşı qoruyur.

Peyvənd infeksiyanın qarşısını tamamilə almasa da, xəstəxanaya yerləşdirmə riskini azaldır. Birləşmiş Krallıqda dərc olunan ilkin nəticələr göstərir ki, bu ilki peyvənd yetkinlərdə xəstəxanaya yerləşdirmələrin 40 faizə qədər qarşısını ala bilər.

Prof. Şaffner bildirib ki, “Peyvənd mükəmməl uyğunluq təşkil etməsə belə, onilliklər ərzində əldə edilən məlumatlar göstərir ki, o, xəstəxanaya yerləşdirilməni və reanimasiyaya ehtiyacı əhəmiyyətli dərəcədə azaldır”.

Mənbə: Trthaber.com

Aynur Camal

Oxşar xəbərlər

Belçika öz vətəndaşlarını Nigerdən təxliyə edir

Teymur Əziz

Makronun Fələstinin tanınması ilə bağlı bəyanatı: Mənəvi borc

Aynur Camal

Gürcüstanda zəlzələ oldu

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu