Bugun.tv xəbər verir ki, Stardust Solutions şirkəti Yer kürəsinin temperaturunu azaltmaq məqsədilə atmosferə işığı əks etdirən hissəciklərin püskürdülməsini nəzərdə tutan yeni geoinjinirinq layihəsi üzərində çalışır.
Məlumata görə, 2023-cü ildə İsrailin nüvə proqramında iştirak etmiş mütəxəssislər tərəfindən yaradılan şirkət bu layihə üçün 75 milyon dollar investisiya cəlb edib.
The New York Times nəşrinin yazdığına görə, şirkət atmosferə xüsusi nanosferlərin buraxılması yolu ilə qlobal temperaturu aşağı salmağı planlaşdırır. Layihə çərçivəsində istifadə ediləcək materiallar amorf kremnezium və kalsium karbonatdan ibarətdir.
Şirkət rəhbəri Yanay Yedvab bildirib ki, indiyədək bütün sınaqlar yalnız laboratoriya şəraitində aparılıb. Açıq hava testlərinin isə yalnız hökumətlərlə əməkdaşlıq çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur.
Tədqiqatçılar iddia edirlər ki, hissəciklər bioloji parçalana bilir, insanlar və heyvanlar üçün təhlükəli deyil və ətraf mühitdə toplanmır. Hesablamalara görə, atmosferə 10 milyon ton belə hissəcik püskürdülərsə, Yer kürəsinin temperaturu təxminən 1,5 dərəcə aşağı düşə bilər.
Lakin layihə elmi dairələrdə ciddi mübahisələrə səbəb olub. 600-dən çox alim və akademik geoinjinirinq texnologiyalarına beynəlxalq qadağa qoyulmasına çağırış edib.
ABŞ-dəki Brandeis Universitynin professoru Prakaş Kaşvan bildirib ki, atmosferə müdaxilə musson yağışlarının formalaşmasına təsir göstərə və milyardlarla insan üçün risk yarada bilər.
Alim qeyd edib ki, Cənubi Asiya, Şərqi Afrika və Latın Amerikasında kənd təsərrüfatı əsasən musson yağışlarından asılıdır və iqlim balansına müdaxilənin nəticələri tam öyrənilməyib.
Hazırda ABŞ-nin Tennessi və Florida ştatlarında geoinjinirinq layihələrinə qanunvericilik səviyyəsində qadağalar tətbiq olunub.
Bununla yanaşı, ABŞ prezidenti Joe Biden administrasiyası günəş geoinjinirinqinin araşdırılmasının vacibliyi ilə bağlı hesabat da yayımlayıb.
Məlumata əsasən, Stardust Solutions layihə ilə bağlı ABŞ və Avropadakı siyasətçilərlə ilkin danışıqlar aparır. Şirkətin ötən il layihənin lobbi fəaliyyətinə görə 370 min dollar xərclədiyi bildirilir.
Mənbə: mail.ru
