Sloveniya İsrailin 2026-cı il “Eurovision” Mahnı Müsabiqəsində iştirakına icazə verilməsinə etiraz olaraq yarışmadan imtina edib. Ölkə müsabiqənin keçiriləcəyi tarixlərdə Fələstin mövzusuna həsr olunmuş xüsusi televiziya yayımları təqdim edəcək.
Sloveniyanın ictimai yayım qurumu Sloveniya Radio və Televiziyası (RTV SLO) tərəfindən yayılan açıqlamada bildirilib ki, 10–20 may tarixlərində “Fələstinin səsləri” adlı xüsusi proqram hazırlanacaq.
Məlumata görə, bu çərçivədə Fələstinlə bağlı filmlər, sənədli layihələr və analitik proqramlar tamaşaçılara təqdim olunacaq. Yayımçı qurum Fələstin xalqının yaşadıqlarının işıqlandırılmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, “Eurovision” Mahnı Müsabiqəsinin yarımfinalları 12 və 14 may, final mərhələsi isə 16 may tarixində keçiriləcək.
Xatırladaq ki, Sloveniya ilə yanaşı İspaniya, Niderland, İrlandiya və İslandiya da İsrailin müsabiqəyə qatılmasına icazə verilməsindən sonra yarışmadan çəkilmək qərarı veriblər.
Mənbə: Anodolu Agentliyi
