Bugun.tv xəbər verir ki, SpaceX şirkətinin Starship kosmik gəmisi 14-cü sınaq uçuşu zamanı ilk dəfə Yer orbitinə çatıb və orbitdə 26 yeni Starlink peykini yerləşdirib.
Texasdakı Starbase bazasından həyata keçirilən uçuş Starship üçün mühüm mərhələ hesab olunur. Lakin uçuş zamanı üç əsas Raptor mühərrikindən birinin gözlənilmədən dayanması səbəbindən missiya əvvəlcədən nəzərdə tutulduğundan bir neçə saat tez başa çatdırılıb.
Reuters-in məlumatına görə, mühərrik probleminə baxmayaraq, idarəetmə qrupu Starship-in orbitə çıxması üçün uçuşu davam etdirmək qərarına gəlib. Kosmik gəmi daha sonra orbitə çataraq peykləri buraxıb.

Missiyanın əvvəlcə təxminən 10 saat davam etməsi və Yer ətrafında bir neçə dövrə vurması planlaşdırılırdı. Lakin mühərrik nasazlığından sonra uçuş təxminən üç saata endirilib.
Starship-in sınaqları NASA-nın Ay proqramı üçün də əhəmiyyət daşıyır. Çünki şirkətin kosmik gəmisi gələcəkdə astronavtların Aya aparılması üçün istifadə oluna biləcək vasitələrdən biridir.
Reuters yazır ki, mühərrik probleminin səbəbinin müəyyənləşdirilməsi Starship-in növbəti uçuşlarının vaxtına və NASA-nın Ay missiyalarına təsir göstərə bilər.
Mənbə: Reuters
