Bugun.TV xəbər verir ki, astronomlar Süd Yolunun təxminən 11,8 milyard il əvvəl daha kiçik bir qalaktikanı özünə qatdığını göstərən yeni dəlillər əldə ediblər. Bu hadisə qalaktikamızın məlum olan ən qədim qalaktik birləşməsi hesab olunur və Süd Yolunun necə formalaşdığına dair yeni məlumatlar verir.
Reuters-in məlumatına görə, alimlər Süd Yolunun mərkəzinə yaxın ərazidə yerləşən ulduz qruplarını araşdırıblar. Bunun üçün Hubble və Gaia kosmik teleskoplarının məlumatlarından istifadə edilib. Tədqiqatçılar ulduzların yaşını, kimyəvi tərkibini və hərəkət trayektoriyalarını müqayisə edərək onların bir hissəsinin başqa qalaktikadan gəldiyi qənaətinə gəliblər.
Alimlərin hesablamalarına görə, Süd Yoluna birləşən kiçik qalaktika LKH (Low-energy-Kraken-Heracles) adlandırılıb. Birləşmə zamanı həmin qalaktikadakı ulduzların ümumi kütləsinin təxminən 500 milyon Günəş kütləsinə bərabər olduğu və bunun həmin dövrdə Süd Yolunun kütləsinin təxminən dörddə biri təşkil etdiyi bildirilir.
Tədqiqatçılar bildirirlər ki, bu cür qalaktika birləşməsi yalnız ulduzların sayını artırmayıb. Hadisə Süd Yoluna böyük miqdarda ulduzlararası qaz və qaranlıq maddə gətirib. Qalaktikalararası qazın toqquşması nəticəsində isə yeni ulduzların yaranmasının sürətlənməsi ehtimal olunur.
Maraqlıdır ki, alimlər Süd Yolunun başqa qalaktikalarla daha sonrakı birləşmələrini də müəyyənləşdiriblər. Qalaktikamız təxminən 1,8 milyard il sonra Gaia-Sausage-Enceladus adlı cırtdan qalaktikanı da özünə qatıb. Bundan əlavə, son təxminən 6 milyard il ərzində Süd Yolu Oxatan cırtdan qalaktikası ilə birləşmə prosesində olub.
Astronomlar hesab edirlər ki, Süd Yolunun keçmişində baş verən bu birləşmələrin öyrənilməsi yalnız qalaktikamızın tarixini deyil, Günəş sisteminin və Yer kürəsinin necə formalaşdığını daha yaxşı anlamağa kömək edir.
Mənbə: Reuters
