Bugun.tv xəbər verir ki, süni intellekt sistemlərinin uzunmüddətli qarşılıqlı əlaqəsi zamanı insanlar üçün anlaşılması çətin olan yeni ifadə formaları və ünsiyyət qaydaları meydana gəlib.
Euronews-un məlumatına görə, aparılan araşdırmada Claude, Gemini, Grok, OpenAI, Qwen, DeepSeek və Mistral kimi süni intellekt modelləri ilə işləyən avtonom agentlərin bir-biri ilə uzun müddət əlaqədə olduqları zaman yeni sözlər, qısaltmalar və ifadələr yaratdığı müəyyənləşdirilib.
Araşdırma zamanı bəzi süni intellekt agentləri arasında göndərilən mesajların yarıdan çoxunun insanlar tərəfindən asanlıqla başa düşülmədiyi bildirilib. Bu prosesin əsas səbəblərindən biri kimi agentlərin qarşılıqlı əlaqə zamanı ünsiyyəti daha sürətli və səmərəli etmək üçün özlərinə uyğun qısa ifadələr formalaşdırması göstərilir.
Mütəxəssislər hesab edirlər ki, bu cür inkişaf süni intellekt sistemlərinin müstəqil fəaliyyət imkanlarının artması ilə bağlı yeni suallar yaradır. Xüsusilə avtonom agentlərin bir-biri ilə insan nəzarəti olmadan uzun müddət əlaqə saxlaması onların istifadə etdiyi ünsiyyət formalarının izlənilməsi və başa düşülməsi məsələsini ön plana çıxarır.
Araşdırmanın nəticələri gələcəkdə süni intellekt agentləri arasında kommunikasiya prosesinə nəzarət və onların qərarvermə mexanizmlərinin daha yaxşı anlaşılması üçün yeni yanaşmaların hazırlanmasına səbəb ola bilər.
Mənbə: Euronews
