Süni intellekt vasitəsilə sənət əsərlərinin təqlid edilməsi və müəlliflərin razılığı olmadan bu nümunələrdən istifadə olunması müstəqil sənətçiləri sosial şəbəkə hesablarını bağlamağa və işlərini platformalardan silməyə vadar edir.
Bugun.tv xəbər verir ki, sənətçilərin narahatlığına həm süni intellektlə yaradılan saxta əsərlər, həm də Meta şirkətinin xidmət şərtlərində nəzərdə tutduğu dəyişikliklər səbəb olub.
İngiltərənin akvarel rəssamı Metti Börnham 2024-cü ildə əsərlərini təqlid edən və süni intellektlə oxşar görüntülər hazırlayaraq saxta hesablar vasitəsilə satışa çıxaran Pinterest profili aşkarlayıb. Həmin hesabların yüz minlərlə izləyici topladığı və istifadəçiləri saxta satış saytlarına yönləndirdiyi bildirilir.
Müasir rəssam Endryu Skott da əsərlərindən ilhamlanaraq hazırlanan süni intellekt videolarının milyonlarla baxış topladığını, bunun isə onun yaradıcılığına və kommersiya fəaliyyətinə zərər vurduğunu bildirib. Keramika rəssamı Nensi Çen isə yaradıcılıq prosesini paylaşmağın belə süni intellekt modellərinin öyrədilməsi üçün materiala çevrilə biləcəyindən narahatdır.
Sənətçilərin etirazlarına səbəb olan digər məsələ Meta-nın məlumatların toplanması ilə bağlı planlaşdırdığı yeniliklərdir. Şirkət noyabrın 5-də bu dəyişiklikləri maraqlı tərəflərlə müzakirə etmək məqsədilə müddətsiz təxirə saldığını açıqlayıb.
Mütəxəssislər müəllif hüquqlarının qorunması üçün açıq razılıq, ədalətli ödəniş və effektiv etiraz mexanizmlərinin yaradılmasını vacib sayırlar. Google-un süni intellektlə yaradılmış görüntü, video və səsləri müəyyənləşdirmək üçün təqdim etdiyi SynthID Detector alətinə baxmayaraq, sənətçilər mövcud müdafiə tədbirlərini yetərli hesab etmirlər.
Mənbə: TRT Haber
