Belçikada fransızdilli nəşriyyatlar süni intellektdən istifadə edilmədən, insan əməyi ilə hazırlanan kitabların xüsusi etiketlə fərqləndirilməsini istəyirlər.
Bugun.tv xəbər verir ki, Belçikada fransız dilində nəşr olunan kitabları təmsil edən Belçika Nəşriyyatçılar Birliyi (ADEB) süni intellekt alətlərindən istifadə edilmədən hazırlanan əsərlərə bunu təsdiqləyən xüsusi etiket verilməsini təklif edib.
Brüsseldə keçirilən toplantıda nəşriyyat nümayəndələri kitabların hazırlanmasında peşəkar nəşriyyatların roluna diqqət çəkiblər. Onların fikrincə, belə bir etiket oxuculara kitab alarkən əsərin hazırlanmasında süni intellektdən istifadə edilib-edilmədiyini müəyyənləşdirməyə kömək edə bilər. Bu, eyni zamanda müəlliflərin və nəşriyyat mütəxəssislərinin əməyinin daha aydın görünməsinə şərait yaradacaq.
Toplantıda nəşriyyatların yalnız kitabın çapı ilə deyil, həm də mətnin dil və üslub səhvlərinin düzəldilməsi, məzmun ardıcıllığının yoxlanılması, üz qabığının və səhifələrin tərtibatı, qiymət və yayım məsələləri, eləcə də müəllif hüquqlarının qorunması ilə məşğul olduqları vurğulanıb.
Bununla yanaşı, təklif olunan etiketin tətbiqində çətinliklər də var. Nəşriyyatçılar kitabın hazırlanmasının hansı mərhələsində süni intellektdən istifadə olunduğunu müəyyənləşdirməyin və etiket üçün nəzərdə tutulan şərtlərə əməl edilməsinə nəzarətin mürəkkəb ola biləcəyini bildiriblər.
Süni intellekt alətlərinin yayılması fonunda müəlliflərin ənənəvi nəşriyyatlara müraciət etmədən kitablarını özləri hazırlayıb çap etdirməsinin artması da sektorda narahatlıq doğurur.
Mənbə: TRT Haber
