Bugun.tv xəbər verir ki, Bəşər Əsədin hakimiyyəti dövründə Suriyada gizli şəkildə tikilən nüvə reaktorunun tamamlanacağı təqdirdə nüvə silahı üçün parçalanan material istehsal edə biləcəyi açıqlanıb. Bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) yeni hesabatına istinadən “The Guardian” məlumat yayıb.
Məlumata görə, Deyr əz-Zor bölgəsində yerləşən obyekt 2007-ci ildə İsrailin hava zərbəsi nəticəsində məhv edilib. BAEA müfəttişləri 2026-cı ilin avqustunda əraziyə daxil olaraq obyektin qalan hissələrini araşdırıb və onun nüvə fəaliyyətinə uyğun xüsusiyyətlər daşıdığını təsdiqləyiblər.
Araşdırma zamanı başqa bir gizli ərazidə yanacaq çubuqları formasında 73 ton təbii uran da aşkar edilib. BAEA rəhbəri Rafael Qrossi bildirib ki, hazırda material agentliyin nəzarəti altındadır və onun saxlanıldığı yerə nəzarət üçün kameralar quraşdırılıb. Təbii uran birbaşa silah üçün hazır material sayılmasa da, sonradan emal edilə bilər.
Hesabat Suriyanın əvvəlki hakimiyyəti dövründə aparılan gizli nüvə fəaliyyətləri ilə bağlı yeni və ciddi suallar yaradıb. Agentlik materialın və obyektlərin üzərində nəzarətin davam etdirilməsini vacib hesab edir.
Mənbə: The Guardian
