Bugün.tv xəbər verir ki, “Şuşa ili” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə “4 seasons of Shusha” adlı beynəlxalq fotoqrafiya layihəsi keçirilir.
Bu fotoşəkillər Şuşa şəhərinin hər fəsildə ayrı bir ecazkarlığının olmasını bütün dünyaya çatdıracaq.
Şuşada payız fəslindən fotoları lentə alacaq fotoqraf Tina Katriina İtkonen (Finlandiya) hazırda ölkəmizdə səfərdədir. O, cari ilin 22-27 oktyabr tarixlərində Şuşanı ziyarət edəcək.
Qeyd edilib ki, Azərbaycana səfəri çərçivəsində oktyabrın 21-də Tina Katriina İtkonen ilə Mədəniyyət Nazirliyində Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva arasında görüş keçirilib, “4 seasons of Shusha” layihəsinin məqsədi və gözləntilər barədə fikir mübadiləsi aparılıb.
Bildirib ki, Qarabağın incisi olan qədim Şuşanın tarixi, mədəniyyəti, dahi şəxsiyyətləri və bu gün ölkə rəhbərliyinin tapşırığı ilə burada aparılan quruculuq işləri ilə yaxından tanış olmaları, Qarabağ haqqında təsəvvürlərinin yaranmas və təəssüratlarını tərənnüm edə bilmələri üçün xarici fotoqraflar bir müddət burada yaşayacaqlar. Layihənin sonunda çəkilən fotoşəkillərdən ibarət kitab-kataloq nəşr olunacaq və həm Azərbaycanda, həm də fotoqrafların öz ölkələri və dünyanın digər müxtəlif ölkələrində sərgilər təşkil ediləcək.
Xatırladaq ki, bundan öncə də layihədə iştirak edən dünyaca məşhur fotoqraflar Şuşa şəhərinə səfərlər edib və hər fəsil üzrə fotoqraflar tərəfindən Şuşanın fotoşəkilləri lentə alınıb.
Layihə Almaniya, Türkiyə, Finlandiya və İsveçrənin tanınmış fotoqraflarının iştirakı ilə reallaşır. Bu beynəlxalq layihədə ilk olaraq iştirak edərən yaz və yay fəsillərindən fotoları lentə alanlar Hüseyn Taşkın (Türkiyə) və Reto Guntli (İsveçrə) olublar.