Bu gün ömrünü insanlara xidmətə həsr etmiş, uzun illər terapevt həkim kimi minlərlə insana şəfa bəxş edən Ələddin Quliyevin 69 yaşı tamam olur.
Ələddin həkim Tovuz rayonunun Bozalqanlı kəndində dünyaya göz açıb. Uşaqlıq illərindən qazandığı zəhmətkeşlik, sadəlik və insanlara bağlılıq hissi sonralar onun həyat yolunun əsas amallarına çevrilib. Həkimlik peşəsini seçməsi də təsadüfi olmayıb. O, bu peşəyə yalnız bir sənət kimi deyil, insan həyatına xidmət edən müqəddəs bir missiya kimi yanaşıb.
İllər keçdikcə qazandığı zəngin təcrübə, peşəkarlıq və yüksək məsuliyyət hissi Ələddin həkimi insanların etibar etdiyi, dərin hörmət bəslədiyi həkimlərdən birinə çevirib. Gecənin hansı saatı olursa-olsun, xəstəsinin harayına çatmaq, onun ağrısını öz ağrısı kimi yaşamaq Ələddin həkim üçün peşə borcundan daha çox vicdan məsələsi olub.

Onu tanıyanlar Ələddin həkimi ilk növbədə təvazökar, səmimi, dostcanlı və böyük ürək sahibi bir insan kimi xarakterizə edirlər. O, hər zaman insanların sevincinə də, kədərinə də şərik olmağı bacarıb. Şair təbiəti, zəngin daxili aləmi və yüksək mənəvi keyfiyyətləri onun şəxsiyyətini daha da ucaldıb.
Həkimlik peşəsində qazanılan ən böyük uğur diplomlar və mükafatlar deyil, insanların duası və sevgisidir. Ələddin həkimin ömür yolu da məhz bu sevginin və etimadın üzərində qurulub. Minlərlə insanın yaddaşında o, peşəkar terapevt olmaqla yanaşı, çətin anlarda ümid verən, təsəlli olan, həyat eşqini yenidən qaytaran bir insan kimi yaşayır.
Bu gün 69 yaşını qeyd edən Ələddin həkim üçün ən böyük sərvət arxada qalan illərin sayı deyil, həmin illər ərzində qazandığı hörmət, etibar və xeyir-dualardır. Bu dəyərlər isə yalnız ömrünü insanlara həsr edən seçilmiş insanlara nəsib olur.
Biz də, Bu günTV media Qurumu olaraq Ələddin Quliyevi təbrik edib, səhiyyədə sistemindəki fəaliyyətini yüksək qiymətləndirərək həkimə Fəxri diplom təqdim etdik. Qoy insanlara bəxş etdiyi şəfa, sevgi və mərhəmət daim özünə də qayıtsın, ömrünün hər günü sağlamlıq, rahatlıq və xoşbəxtlik içində keçsin.

