Mədəniyyət

“Səsdən Könüllərə” platforması gənclərin şəxsi və peşəkar inkişafına dəstək verir

Azərbaycanda gənclərin şəxsi və peşəkar inkişafını, liderlik bacarıqlarının gücləndirilməsini və könüllülük fəaliyyətinin təşviqini hədəfləyən “Səsdən Könüllələrə Kouçinq və İnkişaf” platforması fəaliyyətini genişləndirir. Şəxsi inkişaf, kouçinq, təlim və sosial təşəbbüsləri bir araya gətirən platforma gənclərin potensialının üzə çıxarılmasına və onların cəmiyyət həyatında daha fəal iştirakına dəstək göstərməyi qarşısına məqsəd qoyub.

Bugun.tv xəbər verir ki, layihə 2023-cü ildə “Səsdən Könüllərə Beynəlxalq Kouçinq Layihəsi” adı ilə fəaliyyətə başlayıb. 2026-cı ildən etibarən isə fəaliyyətini “Səsdən Könüllələrə Kouçinq və İnkişaf” MMC adı altında davam etdirir.

Platformanın qurucusu və rəhbəri Əsmər Ramizqızıdır. Onun təşəbbüsü ilə formalaşan bu inkişaf platforması gənclərin bilik və bacarıqlarının artırılması, özünəinamlarının gücləndirilməsi, liderlik keyfiyyətlərinin inkişafı və yeni təşəbbüslərin reallaşdırılması istiqamətində fəaliyyət göstərir.

Təşkilatın təqdim etdiyi məlumata görə, fəaliyyət göstərdiyi müddətdə gənclərin inkişafına dəstək məqsədilə 20-dən çox forumun təşkilinə rəhbərlik edib. Bu tədbirlər vasitəsilə müxtəlif sahələrdən olan mütəxəssislərin, təlimçilərin, gənclərin və ictimai fəalların bir araya gətirilməsi, təcrübə və bilik mübadiləsinin təşviqi hədəflənib.

Platformanın fəaliyyətində forumlarla yanaşı, kouçinq görüşləri, təlimlər, sosial təşəbbüslər və könüllülük istiqamətləri də xüsusi yer tutur. Bu yanaşma gənclərin yalnız nəzəri biliklər əldə etməsinə deyil, həm də şəxsi bacarıqlarını inkişaf etdirməsinə, təşəbbüskarlıq göstərməsinə və peşəkar əlaqələr qurmasına imkan yaratmağı nəzərdə tutur.

Gənclərin inkişafına yönələn təşəbbüslər davam edir

Platformanın son fəaliyyət nümunələrindən biri 2026-cı ilin noyabrında Sumqayıt şəhərində keçirilən “Psixologiya və Şəxsi İnkişaf” forumudur. Tədbir “Səsdən Könüllələrə Kouçinq və İnkişaf” MMC və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron-Xızı regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Forumda şəxsi inkişaf, psixologiya, özünüdərk və özünəinam mövzuları müzakirə olunub, gənc iştirakçılar və dəvət olunmuş spikerlər öz bilik və təcrübələrini bölüşüblər. Tədbir gənclər arasında fikir mübadiləsi və yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından da əhəmiyyət daşıyıb.

Qeyd edək ki, “Səsdən Könüllələrə Kouçinq və İnkişaf” MMC-nin fəaliyyəti gənclərin potensialının üzə çıxarılması, onların cəmiyyətə faydalı təşəbbüslərlə qoşulması və davamlı inkişaf mədəniyyətinin təşviqinə yönəlib.

Aynur Camal

Oxşar xəbərlər

Bakıda III Uşaq Teatr Festivalı keçiriləcək

Aynur Camal

Seymur Nəsirov Qahirədə beynəlxalq simpoziumda Azərbaycanı təmsil edib – gənc istedadların üzə çıxarılmasının əhəmiyyətindən danışıb

Aynur Camal

Van Qoqun rəsm əsəri hərracda 190,4 milyon dollara satılaraq rekord qırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu