Səudiyyə Ərəbistanı yerli və beynəlxalq bazarda etibarlılığı artırmaq məqsədilə “dəvə pasportu” layihəsini həyata keçirdiyini açıqlayıb.
Səudiyyə Ərəbistanı Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, layihənin təqdimatı nazir müavini Mansur bin Hilal əl-Müşeyti tərəfindən edilib.
Nazirliyin məlumatına əsasən, layihə çərçivəsində dəvə sektorunun daha yaxşı tənzimlənməsi, sənədləşdirilməsi və xidmətlərin səmərəliliyinin artırılması nəzərdə tutulur.
Açıqlamada qeyd olunub ki, layihənin əsas məqsədi dəvələrin məlumatlarının, sahibliyinin və soy-kökünün rəsmi şəkildə qeydiyyata alınmasıdır. Eyni zamanda sağlamlıq və rəsmi tələblərlə bağlı bütün məlumatların vahid sistemdə toplanması hədəflənir.
Nazirlik dəvələr üçün veriləcək sənədin “təsdiqlənmiş rəsmi istinad mənbəyi” olacağını və xidmət keyfiyyətinin yüksəldilməsinə töhfə verəcəyini vurğulayıb.
Pasportda dəvənin çip nömrəsi, pasport nömrəsi, adı, doğum tarixi, soy məlumatları, cinsiyyəti, rəngi, doğum yeri, sənədin verildiyi tarix və yer, həmçinin heyvanın sağ və sol tərəfdən çəkilmiş fotoşəkilləri yer alacaq.
Rəsmi statistikanın açıqlamasına görə, Səudiyyə Ərəbistanında 2025-ci ilin iyun ayına olan məlumata əsasən 2 milyon 235 min 297 dəvə mövcuddur.
Mənbə: TrtHaber
