Sosial

Təhdid və şantajla qarşılaşdıqda nə etməliyik? Vəkildən AÇIQLAMA

Hadisələrdən heç kim sığortalanmayıb. Məsələn, heç gözləmədiyimiz anda təhdidlə, daha doğrusu şantajla üz-üzə qala bilərik. Bu “qara bəla” hər bir kəsin ən gözlənilməz anında yaxasından yapışa bilər. Odur ki, “bu, mənlik deyil”, “şantajçının mənimlə nə işi var?” kimi fikirlərlə problemi özümüzdən uzaqlaşdırmaq istəsək də, bu hal qaçılmazdır. Gəlin görək belə bir problemlə qarşılaşdıqda nə etməliyik ?

Cinayət məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə tələbetmə) maddəsinə əsasən, hədə qorxu ilə şəxsin haqqındakı hər hansı bir məlumatı, faktları yaymaq  cinayət əməli sayılır. Bu əməli törədən şəxslər maddi və yaxud mənəvi qazanc məqsədi güdür, qarşı tərəfi ifşaedici, ləkələyici məlumatlar yaymaqla, nüfuzuna xələl gətirməklə hədələyirlər. Bəs görəsən, insanların həyatı, taleyi ilə oynayan, şəxsiyyətini sarsıdan, onlara fiziki, maddi-mənəvi zərbələr vuran şantaj, təxribat və tələlərdən necə qorunmalıyıq? Arzuolunmaz vəziyyətlərə düşməmək üçün nə etmək, nəyi bilmək lazımdır?

Vəkil Elvin Məhərrəmov Bugun.tv-yə açıqlamasında bildirdi ki,  hədə-qorxu gəlməklə və ya onlar barəsində rüsvayçı məlumatların yayılması təhdidi ilə başqalarının əmlakını ələ keçirən  şəxslər  Cinayət Məcəlləsinin 182-ci  maddəsi ilə məsuliyyətə cəlb olunaraq 3 ildən 5 ilə qədər həbs olunurlar. Burada ağırlaşdırıcı hallar  ola bilər. Məsələn, qabaqcadan əlbir olmaqla, zor tətbiq etməklə, mütəşəkkil dəstə şəklində qarşı tərəfi şantaj etdikdə həmin şəxslər 10 ildən 17 ilədək cinayət məsuliyyətinə cəlb olunurlar.

 Əksər hallarda məlumatı yaymaqla hədələyən şəxs qarşı tərəfdən müəyyən hərəkətlərin yerinə yetirilməsini tələb edirlər. Əks təqdirdə şəxsi məlumatlarını ictimaiyyətə yaymaqla qorxudurlar.

Vəkil onu da bildirdi ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23-cü  maddəsində şərəf və ləyaqətlə bağlı müddəalar mövcuddur. Belə ki, şəxslər barəsində hər hansı şərəf və ləyaqəti alçaldan, şəxsə və ailə toxunulmazlığına toxunan məlumatlar öz əksini tapanda şəxslər bununla bağlı məhkəməyə müraciət edə bilərlər ki, həmin məlumatlar təkzib olunsun. Eyni zamanda, hansısa tam məlumatlar natamamşəkildə kütləvi informasiya vasitələrində öz əksini tapdıqda və bu məlumatlar şəxslərin  şərəf və ləyaqətinə toxunursa,  şəxsin ailə toxunulmazlığını pozursa, həmin şəxslər yendiən məhkəmə orqanlarına müraciət edə bilərlər.Təhdidə məruz qalan şəxs məcburiyyət qarşısında qalaraq qarşı tərəfə müəyyən məbləğdə vəsait ödəyibsə, bu zaman məhkəmə yolu ilə dəymiş zərəri tələb edə bilər.

 

“Bir şəxs digər şəxsə hər hansı məbləğdə pul veribsə və onu almaq istəyirsə, AR.CM-nin 178-ci maddəsi ilə tənzimlənir. Yəni etibardan sui-istifadə etmə ilə aldanan şəxs hər hansı polis orqanına müraciət edərək həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini tələb edə bilər. Bu zaman qarşı tərəf zərərçəkmişin mənimsədiyi maddi vəsaiti geri qaytarmalıdır”,- deyə vəkil qeyd etdi.

Şübhəsiz ki, hər birimiz bu cür xoşagəlməz hadisələrlə üzləşə bilərik. Bu səbəbdən hüquqlarımızı yaxşı bilməliyik ki, belə halla qarşılaşdıqda nə etməli olduğumuzu da bilək.

Kəmalə Sultan

Oxşar xəbərlər

Uşaqlara cib xərcliyi lazımdırmı?

Nigar Məmmədova

Növbəti tədris ili üçün “2022-2026-cı illər üzrə Dövlət Proqramı” çərçivəsində sənəd qəbulu başlayır

Aynur Camal

Dərmanların baha olmasına səbəb nədir?-AÇIQLAMA

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu