Fövqəladə Hallar Nazirliyi təkərdoldurma məntəqəsində baş verən partlayışla bağlı məlumat yayıb.
FHN-dən verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən təkər təmiri sexində partlayış baş verib.
Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə xə Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşa məxsus ümumi sahəsi 32 m² olan təkər təmiri sexində kustar üsulla hazırlanmış hava kompressorunda yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub. Partlayış dalğasının təsirindən sexin dam örtüyü dağılıb. Sexdə işləyən 1 nəfər aldığı müxtəlif bədən xəsarətlərindən hadisə yerində həlak olub.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.
15:31
TƏBİB təkərdoldurma məntəqəsində baş verən partlayışla bağlı məlumat yayıb.
Əldə etdiyimiz məlumata görə, baş verən hadisə ilə bağlı saat 10 radələrində TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub. Xəsarət alan bir nəfər TƏBİB-in tabeliyindəki Respublika Klinik Xəstəxanasına təxliyə edilib.
Ona ilkin tibbi yardım göstərilib. Daha sonra müayinələrdən imtina etdiyi üçün ambulator müalicə üçün evə buraxılıb.
15:06
Binəqədi Rayon Prokurorluğu təkərdoldurma məntəqəsində baş verən partlayışla bağlı məlumat yayıb.
Prokurorluqdan bildirilib ki, baş vermiş partlayışla əlaqədar prokurorluqda arşdırma aparılır.
Martın 4-ü saat 10 radələrində Binəqədi rayonu ərazisində yerləşən təkər təmiri sexində 41 yaşlı Pərviz Dadaşovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Hadisənin hava təzyiqi işləyən cihazın partlaması nəticəsində baş verməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
14:42
Bakıda ölümlə nəticələnən partlayış hadisəsi baş verib.
Əldə etdiyimiz məlumata görə, hadisə Binəqədi şosesində yerləşən təkərdoldurma məntəqəsində qeydə alınıb.
Partlayış nəticəsində bir nəfər ölüb.