Bugun.tv xəbər verir ki, Avstraliyanın Qantas aviaşirkəti təyyarədə taxtabitilərin aşkarlanmasından sonra Roma–Pert reysini ləğv edib.
Türkiyənin “Sözcü” nəşrinin oktyabrın 13-də yaydığı məlumata görə, Boeing 787 Dreamliner tipli təyyarənin iqtisadi sinif salonundakı bəzi oturacaqlarda problem aşkarlandıqdan sonra təyyarə genişmiqyaslı təmizlik və texniki xidmət üçün uçuşlardan kənarlaşdırılıb.
Sərnişinlər dişləmələrdən şikayət ediblər
“Sydney Morning Herald” qəzetinin məlumatına istinadən yayılan xəbərdə bildirilir ki, əvvəlki Pert–Roma uçuşu zamanı bəzi sərnişinlər taxtabitilərin onları dişlədiyini deyiblər. Təxminən 17 saat davam edən uçuşda qaşınmanı azaltmaq üçün sərnişinlərə antihistamin preparatlarının verildiyi, lakin dərman ehtiyatının tükəndiyi də iddia olunur.
Qantas şirkəti uçuşun ləğvinə görə sərnişinlərdən üzr istəyib. Məlumata görə, təsirlənən sərnişinlər üçün yerləşmə şəraiti yaradılıb və onların 48 saat ərzində alternativ reyslərə yönləndirilməsi nəzərdə tutulub.
Taxtabitilər geyimlərdə, mebellərdə və yataq dəstlərində gizlənə bilən kiçik parazitlərdir. Onların məhv edilməsi çətin və xərc tələb edən proses ola bilər.
Mənbə: sozcu.com
