Baş xəbər

Tarix susmur…

Xalqın yaddaşı yalnız şanlı zəfərlərlə deyil, qanla, göz yaşlarıyla yazılan səhifələrlə də formalaşır. Elə günlər var ki, onları xatırlamaq təkcə bir keçmişin deyil, bütöv bir varlığın, bir millətin yaşamaq haqqının müdafiəsidir. Elə günlər var ki, unudularsa, yalnız dünən deyil, sabah da itirilər…

8 may 1992-ci il – bu tarix bizim qəlbimizə yazılmış bir ah, bir nisgil, bir həsrət idi. Şuşa… Qarabağın zirvəsində ucalan, hər daşı tarix, hər nəfəsi mədəniyyət olan o müqəddəs şəhər… O gün düşmən təkcə torpağımıza yox, ruhumuza da qəsd etmişdi. O gün təkcə evlər yıxılmadı – qürurumuz sarsıldı, səsimiz susduruldu, gözlərimiz göyə dikilib cavabsız qaldı…

Şuşa bizim musiqimizdə, poeziyamızda, yaddaşımızda döyünən bir ürəkdir. O, Üzeyirin notlarında, Natəvanın misralarında, Bülbülün səsində yaşayan bir məbədgahdır. Şuşanın işğalı isə bu məbədin təhqiri, bu nəfəsin boğulması idi.

O gün…

Qəbir daşları söküldü, məscidlər murdalandı, uşaqlıq xatirələri küllərə qarışdı. Bizdən yalnız torpaq deyil, zaman da alındı – doğulmaqda olan bir gələcək talan edildi. Amma biz susmadıq. Bu xalq susmadı.

Unutmaq olarmı?

Unutmaq – şəhidlərimizin xatirəsinə biganə qalmaqdır.

Unutmaq – 30 il torpaq həsrətiylə yaşayan bir millətin yaddaşını silməkdir.

Unutmaq – gələcək nəsillərin yolunu qaranlığa bürüməkdir.

Xeyr! Biz unutmadıq. Biz yadda saxladıq və qisasımızı aldıq.

8 noyabr 2020-ci il – bu tarix 8 mayın cavabıdır. Bu tarix 28 il susan bir sükutun, içdə yığılan bir əzmin, bütöv bir millətin səsinin zirvəyə çevrildiyi gündür. Qayıtdıq Şuşaya – yalnız əsgər çəkməsilə deyil, ruhumuzla, inamımızla, qürurumuzla!

Lakin qalib olmaq – unutmaq deyil.

Qalib olmaq – hər şəhidin adına baş əymək, hər daşın üstündəki izləri oxumaq, hər xatirəyə sahib çıxmaqdır. Şuşa azaddır, çünki onu itirdiyimiz günü unutmadıq. O günə əyilmədik – o gündən güc aldıq!

Bu gün biz azad Şuşaya baxırıqsa, bu, tarixi unutmayan bir xalq olduğumuz üçündür. Hər 8 may – bir and olmalıdır: Biz torpağımıza yalnız qanla yox, yaddaşla da sahib çıxmalıyıq!

Şuşanın işğal gününü unutmalıyıqmı?

Cavab bir daha səslənsin:

Yox! Heç zaman!

Çünki unudulan tarix təkrar olunur, amma yadda saxlanılan tarix millətə qalibiyyət qazandırır.

Milli Məclisin deputatı Hicran Hüseynova 

Aynur Camal

Oxşar xəbərlər

“Qlobal ali təhsil gündəliyində iqlim dəyişikliyinə qarşı mübarizə” mövzusunda beynəlxalq forum baş tutub

Aynur Camal

Yumurta yeməyənlərin nəzərinə! Bu qidalar yumurtadan daha yüksək zülal ehtiva edir

Aynur Camal

Trampdan təkəbbürlü təhdid

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu