Sovet ateizmi, din anlayışının zəifliyi doxsanların əvvəllərində Azərbaycana müxtəlif ölkələrdən müxtəlif təriqətlərin missionerlərinin gəlməyinə və “uğurlu” fəaliyyətinə zəmin yaratdı. Təəssüf ki, gələn missionerlərin ən “uğurlu”ları da İrandan gələnlər oldu. Ölkənin daha çox məcburi köçkünlərin cəmləşdiyi ərazilərə axın edən missionerlərin ilk maskası məhz ucuz, dəyərsiz yardımlar oldu. İran müharibədən zərərçəkmiş ölkəyə – Azərbaycana yardım adıyla keyfiyyətsiz qida məhsulları, mənşəyi məlum olmayan yağlar gətirdi. Terror və separatizmi, işğalı özündə cəmləşdirən Ermənistana isə saysız hesabsız körpülər, yollar, hətta zavodlar tikdi. Bu barədə bir qədər sonra…
İranın Azərbaycana qarşı ilk terroru yardım maskası ilə ideoloji təbliğatla başladı. Tarixən tolerantlıq nümunəsi olan Azərbaycana insanların inanc hisslərindən istifadə edərək, aqressiv, dövlətə qarşı kütlə yaratmağa nail oldu. Biz, bu ideoloji terrorun ən böyük nümunəsini Nardaran hadisələri zamanı gördük. Azərbaycan polisinin və Xüsusi Xidmət Orqanlarının zəhməti sayəsində İranın Nardaranda illərlə hördüyü tor parçalandı.
İranın Azərbaycana qarşı ideoloji terroru Nardaranla bitdimi, təbii ki yox. İllərdir, Nardaran hadisələrini sosial şəbəkələrdə İran Xüsusi Xidmət Orqanlarının maliyyəsi ilə qidalanan mənəvi aşınmışlar oradakı anti-terror əməliyyatlarını dinə qarşı olduğunu göstərməyə çalışır.
İran İslam dövləti deyil.
Bunun isbatı olaraq qeyd edək ki, İran Ermənistanın Azərbaycana davam edən 30 illik işğalçılıq dövründə açıq-aşkar Ermənistanın yanında oldu. İran 30 ildə Ermənistana iqtisadi himayədarlıq etdi. Bu himayədarlıq təkcə işğal altında olan Azərbaycan-İran sərhəd ərazilərini əkin-biçin sahəsi olaraq icarəyə götürməklə bitmir. (Bu fakt özlüyündə dəhşət doğurur. Faktiki işğal altında olan ərazinin torpaqlarında əməliyyat aparmaq, icarəyə götürmək, faktiki işğala ortaq olmaq deməkdir. Yalnız İranın Sasun şirkəti işğal dövründə Qarabağa 123 min dollar məbləğində sərmayə ayırıb. Bu isə 12 yeni iş yerinin açılması deməkdir.
Ağ terror
Hamının internetə çıxışı var. Təklif edirəm, Google-də axtarış bölməsində “İrandan Azərbaycana” kəlmələrini yazın. İki ölkənin adı yanaşı çəkilirsə, ardınca gələn üçüncü kəlmə narkotikdir. İrandan Azərbaycana daşınan, daşınmağa cəlb edilən narkotik maddələr. Konkret statistikanı isə bir yazıda təqdim etməm mümkün deyil. Azərbaycanda fəaliyyət göstərən hər vəkilin hazırda icraatında yəqin ki, birdən artıq narkotiklə bağlı məhkəmə işi var. Bu işlərin əksəriyyəti məhz İranla bağlıdır. İran, illərlə işğal altında olan ərazilərimizi narkotik ticarəti üçün tranzit ərazi kimi istifadə edib. Bu müddətdə həm də bizim gənclərimizi narkoterrorun qurbanına çevirib. Ərazilərimizin işğaldan azad edilməsi ilə isə narkoterrorizm daha çox vüsət almağa başladı. Ərazilərimizi narkotik satışı üçün tranzit vasitə kimi istifadə edən İran, Azərbaycanı “bazar” kimi görməyə başladı.
Daxili İşlər Nazirliyinin davamlı əməliyyatları sayəsində yalnız 2023-c ildə 545 kq narkotik maddə tutulub.
Həmçinin, bu əməliyyatların sayəsində yalnız 2023-cü ildə 7 İran vətəndaşı saxlanılıb.
Eləcə də, narkotiklərlə bağlı aparılan əməliyyat-axtarış fəaliyyətləri əsasında saxlanılan Azərbaycan vətəndaşları da bu və ya digər yollarla İranla birbaşa, dolaysıyla əlaqəli vətəndaşlardır.
Yuxarıda qeyd edilənləri statistikadan daha çox informasiya paylaşımı kimi qeyd etmək olar. Bu məlumatlar hər bir vətəndaş üçün əlçatandır. İstənilən şəxs İranın Azərbaycana qarşı apardığı narkoterroru daha dərindən araşdıra bilər. Qeyd etdiyim rəqəmlər yalnız Baş Narkotiklərlə Mübarizə İdarəsinə aiddir. Nəzərə alanda ki, bu əməlliyyatları neçə qurum aparır və bu qurumlarının hər biri ildə nə qədər belə terrorun qarşısını alır, hər bir vətəndaş məsuliyyəti olan insanı dəhşət bürüyür.
Dövlətimiz özünü İslam dövləti adlandıran, lakin heç bir inanc, insani qaydalara sığışmayan planlarla ölkə gəncliyinin taleyiylə oynayan “qonşu” ilə necə davranmalı olduğunu yaxşı bilir. Bizə – vəkil və hüquqşünasların üzərinə düşən vəzifə isə ayrı qeyd edilməlidir. Azərbaycan vəkili hazırda dövlətimizlə bərabər narkoterrora qarşı mübarizə aparır.
Hazırda Azərbaycanla İran arasındakı bütün diplomatik əlaqələrin ifrat sərinlədiyi dövrdə ağı qaradan seçmək üçün daha yaxşı imkanlar var. Bu yolda hüquqşünaslar da, vətəndaşlar da dövlətə dəstək olmalıdır. Daha ayıq-sayıq olmalı, İranın narkoterrorunu ölkədə dəstəkləyən, hətta siyasətini davam etdirən böyüklü-kiçikli bütün qüvvələrin ifşa olması üçün çalışmalıyıq. Gəncliyin gələcəyi hazırkı mübarizəmizdən asılıdır.
Azərbaycan vəkili hər sahədə olduğu kimi, bu sahədə də, Azərbaycan dövlətinin yanındadır.
Mehman Muradlı
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun direktoru