Elektron musiqinin və texno janrının formalaşmasında mühüm rol oynayan amerikalı musiqiçi Juan Atkins 64 yaşında vəfat edib.
Bugun.Tv xəbər verir ki, bu barədə NBC News məlumat yayıb. Musiqiçinin ölüm xəbərini onun konsert fəaliyyətini təşkil edən agentlik təsdiqləyib.
Atkins 1980-ci illərdə ABŞ-ın Detroit şəhərində dostları ilə birlikdə texno musiqisinin əsasını qoyan sənətçilərdən biri hesab olunur. O, 1981-ci ildə Richard Davis ilə birlikdə “Cybotron” musiqi layihəsini yaradıb. İkilinin 1983-cü ildə yayımladığı “Clear” kompozisiyası elektron musiqinin inkişafında diqqətçəkən nümunələrdən biri olub.
Atkins Kevin Saunderson və Derrick May ilə birlikdə “Belleville Three” adı ilə tanınıb. Bu üçlük Detroit texnosunun beynəlxalq musiqi səhnəsində tanınmasına böyük töhfə verib.
Musiqiçinin yaradıcılığı sonrakı nəsil elektron musiqi ifaçılarına təsir göstərib. Onun ölüm xəbərindən sonra bir sıra tanınmış musiqiçilər sosial şəbəkələrdə paylaşım edərək sənətçini yad ediblər. Onun əməkdaşı Kevin Saunderson da Atkinsin texno musiqisinin inkişafındakı rolunu xüsusi vurğulayıb.
Mənbə: NBC News
