“Azərbaycan Respublikası demokratik, dünyəvi və hüquqi bir dövlətdir. Dövlətimizin dahi Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş beynəlxalq hüquqa və prinsiplərinə uyğun olaraq qanunvericilik sistemi-Konstitusiyası qəbul edilmişdir. Əgər biz hüquqi və demokratik dövlətdə yaşayırıqsa, əlbəttə ki,hüquq zidd hərəkətlərdən çəkinməli, qanunvericiliyin tələblərinə riayət etməliyik”.
Bu fikri Bugun.tv-yə özəl olaraq Milli Məclisin deputatı İlham Məmmədov bildirib.
Onun sözlərinə görə, Konstitusiyada təsbit olunan mühüm məsələlərdən biri də mülkiyyət toxunulmazlığı hüququdur. Bəli, hər kəsin mülkiyyəti toxunulmazdır.
“Ancaq biz gərək mülkiyyətimizə qanunlarımızın tələbləri əsasında sahib olaq ki, heç bir inzibati xəta halı və digər qanun pozuntusu yaranmasın.
Şahid oluruq ki, vətəndaşlarımız bir çox hallarda qanunazidd hərəkətlərə yol verərək yaşayış və qeyri-yaşayış təyinatlı obyektlərinin tikintisi ilə məşğul olurlar. Unutmamaq lazımdır ki, tikinti sektoru ətraf mühitə birbaşa təsir edən mühüm sahələrdən biridir.Əslində biz hansısa bir evin və ya qeyri-yaşayış təyinatlı obyektlərin tikintisində bütün normaları gözləməliyik ki, bu bizim gələcək həyatımıza da mənfi təsir göstərməsin. Əks təqdirdə isə şəhər və rayonların şəhərsalma və memarlıq üslubuna, o cümlədən ətraf mühitinə xələl gətirən, torpaq və tikinti qanunvericiliyinin tələbləri pozulmaqla inşa edilən özbaşına tikililərin qarşısının alınması istiqamətində əlavə tədbirlərin görülməsi zərurəti yaranır. Məlumdur ki, 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 529 nömrəli Fərman imzalanmışdır. Fərmanın icrası nəticəsində mənzillərin ümumi sahəsi 8,5 milyon kvadrat metr olan 85 minədək mənzildən ibarət 408 yaşayış binasının (çoxmənzilli yaşayış kompleksinin) dayanıqlılıq və möhkəmlik baxımından istismara yararlığı, o cümlədən istismara hazırlığı müayinə edilmiş, həmin müayinələrin müsbət nəticələri əsasında istismarına icazə verilmişdir.Təbii ki, bu məhz dövlətimizin başçısının vətəndaşlarımıza göstərdiyi xüsusi diqqətin bariz nümunələrindən biridir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmanda 2023-cü il iyunun 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və dayanıqlılıq və möhkəmlik baxımından müayinə nəticələri müsbət olan qeyri-yaşayış təyinatlı binaların istismarına sadələşdirilmiş qaydada icazə verilməsi nəzərdə tutulur. Ümumilikdə Fərmana uyğun olaraq bütün müayinə mərhələləri və eləcədə hər mərhələ üzrə dəqiq icra müddətləri müəyyən edilib.
Qeyd etmək lazımdır ki, Fərmanın verilməsi, icra müddəti və bu məqsədlə görüləcək işlər ümumilikdə vətəndaşlarımızın hansısa fəaliyyət sahəsi ilə məşğul olması zamanı təhlükəsizlik şəraitinin təmin edilməsi və ətraf mühitin qorunması naminə hesablanıb”, -deputat qeyd edib.