Bugun.tv xəbər verir ki, Efiopiyanın Tiqray bölgəsinin regional hökuməti federal qüvvələrlə qarşıdurma fonunda “müdafiə müharibəsinə” başladığını açıqlayıb.
Reutersin məlumatına görə, bu açıqlama Tiqray qüvvələrinin ölkənin şimalında yerləşən əsas hava limanını ələ keçirdiklərini bildirməsindən bir neçə saat sonra verilib.
Tiqray regional hökuməti yaydığı bəyanatda döyüşçülərinin federal qoşunlara qarşı müdafiə xarakterli əməliyyatlara başladığını bildirib. Efiopiyanın federal hökuməti isə Reuters materialının yayımlandığı vaxta qədər bu açıqlamaya münasibət bildirməyib.
Tiqray 2020–2022-ci illərdə Efiopiya federal hökuməti ilə ağır müharibənin mərkəzində olub. 2022-ci ildə imzalanan sülh razılaşması bölgədə döyüşlərin dayandırılmasını nəzərdə tuturdu.
Son günlər bölgədə yenidən hərbi gərginliyin artdığı barədə məlumatlar yayılır. Tiqray qüvvələrinin hava limanına nəzarəti ələ keçirməsi isə qarşıdurmanın yeni mərhələyə keçməsi ilə bağlı narahatlıqları artırıb.
Mənbə: Reuters
