ABŞ Prezidenti Donald Tramp Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) sammiti çərçivəsində keçirilən rəsmi şam yeməyində region ölkələrinin liderlərinə müraciət edərək, Vaşinqtonun müttəfiqlərinə dəstəyini davam etdirəcəyini bildirib.
Bugun.tv xəbər verir ki, Manilada keçirilən tədbirdə çıxış edən Tramp ABŞ-ın Sakit okean regionundakı tərəfdaşlarının təhlükəsizliyinə, suverenliyinə və iqtisadi inkişafına önəm verdiyini vurğulayıb.
Amerika lideri qeyd edib ki, hər hansı problem yaranarsa, region ölkələrinin rəhbərləri birbaşa onunla əlaqə saxlaya bilərlər. Tramp əvvəlcə ABŞ dövlət katibi Marko Rubionu və digər rəsmiləri axtarmağı, onlardan cavab ala bilmədikləri halda isə şəxsən ona zəng etməyi tövsiyə edib.
“Biz tərəfdaşlarımızı və müttəfiqlərimizi 100 faiz dəstəkləyirik. Problem yarananda mənə zəng edəcəksiniz. Markoya və başqalarına müraciət edəcəksiniz. Cavab verməsələr, mənə zəng edin. Telefonunuzu açacağam”, – deyə Tramp bildirib.
O, daha sonra zarafatla Marko Rubionun gec cavab verəcəyi təqdirdə onu işdən çıxaracağını söyləyib.
Tramp çıxışında ötən il Kamboca və Tailand arasında əldə olunan atəşkəs razılaşmasına, ABŞ-ın region ölkələri ilə ticarət əlaqələrinə, enerji, texnologiya və müdafiə sahələrində əməkdaşlığa da toxunub. O, Filippin və İndoneziya ilə müdafiə əlaqələrinin genişləndirildiyini, Amerika istehsalı olan hava hücumundan müdafiə sistemlərinə və digər hərbi texnikaya tələbatın artdığını qeyd edib.
ABŞ Prezidenti Cənub-Şərqi Asiya ölkələri ilə siyasi, iqtisadi və hərbi tərəfdaşlığın daha da gücləndirilməsində maraqlı olduqlarını bildirib.
Mənbə: EnSonHaber
