ABŞ prezidenti Donald Trumpın İrana qarşı hərbi zərbələrin müvəqqəti dayandırılması ilə bağlı açıqlaması qlobal maliyyə bazarlarında ciddi reaksiyaya səbəb olub.
Bazar ertəsi günü yayılan xəbərlərdən sonra ABŞ fond indeksləri kəskin yüksəlib. Dow Jones indeksi 975 bal və ya 2,1% artıb, S&P 500 2%, Nasdaq isə 2,3% yüksəlib.
Eyni zamanda enerji bazarlarında əks proses müşahidə olunub. Brent crude markalı neftin qiyməti 10,1% azalaraq 100,87 dollara düşüb. ABŞ xam nefti isə 9,5% ucuzlaşaraq 88,90 dollar səviyyəsinə enib.
Analitiklər bildirir ki, Trampın hərbi fasilə ilə bağlı mesajı investorlarda müsbət gözləntilər yaradıb. Bu səbəbdən səhmlər bahalaşıb, neft qiymətləri isə geriləyib.
Lakin bazarlardakı ilkin optimizm uzun çəkməyib. İsrail Müdafiə Qüvvələri Tehrana hücumların davam etdiyini açıqladıqdan sonra bazarlarda müəyyən geri çəkilmə qeydə alınıb.
Avropa bazarlarında da artım müşahidə olunub. Stoxx Europe 600 indeksi 1,1%, Almaniyanın DAX indeksi isə 1,8% yüksəlib.
Digər tərəfdən, təhlükəsiz aktivlərdə azalma qeydə alınıb. Qızılın qiyməti 2% düşüb, ABŞ dolları indeksi 0,5% geriləyib. İnvestorların istiqrazlara yönəlməsi fonunda gəlirlilik də aşağı enib.
Yanacaq bazarında da ucuzlaşma baş verib – dizel fyuçersləri 8,5%, benzin fyuçersləri isə 9% azalıb. Buna baxmayaraq, ilin əvvəlindən bu göstəricilər hələ də yüksək səviyyədə qalır.
Ekspertlər qeyd edir ki, neft qiymətlərində son enişə baxmayaraq, qiymətlər ABŞ və İsrailin 28 fevralda İrana hücumundan əvvəlki dövrlə müqayisədə hələ də xeyli yüksəkdir.
ABŞ-da isə benzin qiymətləri artmağa davam edir. Son məlumatlara görə, orta qiymət 3,96 dollara çataraq 2022-ci ilin avqustundan bəri ən yüksək səviyyəyə yüksəlib.
Mənbə: CNN
