Bugun.tv xəbər verir ki, ABŞ Prezidenti Donald Trump İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışığında İranla qarşıdurmanın genişmiqyaslı regional müharibəyə çevrilə biləcəyi barədə xəbərdarlıq edib.
Trump İsrailin Kanal 12 televiziyasına açıqlamasında bildirib ki, Netanyahuya son dərəcə ehtiyatlı davranmağın vacibliyini çatdırıb. ABŞ prezidenti qeyd edib ki, əks halda İsrail yaxın zamanda İran qarşısında tək qala bilər.
ABŞ liderinin sözlərinə görə, o, Netanyahuya İranın raket hücumlarına cavab olaraq yeni hərbi əməliyyatlara başlamamağı tövsiyə edib. Trump həmçinin İsrailin İrana qarşı həyata keçirdiyi son hücumlar barədə yalnız son anda məlumatlandırıldığını və buna baxmayaraq əməliyyatların miqyasının məhdudlaşdırılmasına nail olduğunu bildirib.
Trump açıqlayıb ki, ABŞ ilə İran arasında vasitəçilik prosesində iştirak edən beş regional ölkə İsrailin hücumlarının dayandırılması üçün Vaşinqtona müraciət edib. Onun sözlərinə görə, İran rəsmiləri də ABŞ-la əlaqə saxlayaraq yeni hücumlar həyata keçirmək niyyətində olmadıqlarını və qarşılıqlı zərbələrin dayandırılmasını istədiklərini bildiriblər.
ABŞ prezidenti qeyd edib ki, bu məlumatlardan sonra Netanyahu ilə yenidən danışıb və İsrail rəhbərini hücumları dayandırmağa razı sala bilib. Trump əlavə edib ki, İranla hərtərəfli razılaşmanın əldə olunması hələ də mümkündür və Tehran da belə bir razılaşmada maraqlıdır.
Bu arada İsrail mediası Netanyahu hökumətinin Trumpın çağırışından sonra İrana qarşı hücumları dayandırmağa razılaşdığını, lakin Livan ərazisində hərbi əməliyyatların davam etdiriləcəyini iddia edib.
Xatırladaq ki, son günlər İsrail və İran arasında qarşılıqlı raket və hava hücumları regionda gərginliyi artırıb. Daha sonra İran Silahlı Qüvvələrinin Hatəmül-Ənbiya Qərargahı İsrailə qarşı hərbi əməliyyatların dayandırıldığını açıqlayıb.
Mənbə: Anadolu Agentliyi
